Əsas məzmuna keç
03 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

5 mindən çox yeni iş yeri yaradılacaq: Ən böyük pay bölgələrə düşəcək – AÇIQLAMA

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycanın qeyri-neft sektorunun inkişafı, istehsal potensialının genişləndirilməsi və bölgələrdə yeni məşğulluq imkanlarının yaradılması qarşıdakı dövr üçün əsas iqtisadi prioritetlər sırasında yer alır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üzrə Dövlət Proqramının həyata keçirilməsi həm sənaye istehsalının artırılması, həm də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə də bu istiqamətdə qarşıya qoyulan hədəflər və gözləntilər geniş müzakirə olunub. Xüsusilə regionlarda yeni istehsal müəssisələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi nəticəsində məşğulluq imkanlarının artırılması nəzərdə tutulur.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Yenigun.Media-ya açıqlamasında bildirib ki, yeni iş yerlərinin yaradılması Dövlət Proqramının əsas hədəflərindən biridir.

Deputatın sözlərinə görə, ilkin gözləntilərə əsasən, dağ-mədən və metallurgiya sektorunda 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur və bu iş yerlərinin əhəmiyyətli hissəsinin bölgələrin payına düşəcəyi gözlənilir.

Vüqar Bayramov qeyd edib ki, Balakən, Daşkəsən, Gəncə və digər ərazilərlə yanaşı, paytaxtda da yeni zavodların yaradılması və mövcud istehsal sahələrinin genişləndirilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdərə və Kəlbəcərdə yeni zavodların qurulması da məşğulluğun artırılmasına imkan yaradacaq.

Deputat xüsusilə ixtisaslı kadrlar üçün yeni iş imkanlarının formalaşacağını vurğulayıb.

Onun sözlərinə görə, həm Dövlət Proqramı çərçivəsində, həm də digər qanunvericilik tədbirləri hesabına qeyri-neft sektorunda yeni iş yerlərinin sayının artırılması gözlənilir. 2027-ci ildə xüsusilə özəl sektorda və bölgələrdə məşğulluq imkanlarının genişlənməsi rayonlarda yaşayan vətəndaşların işlə təminatına müsbət təsir göstərə bilər.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600