Əsas məzmuna keç
26 Oktyabr 2026, Bazar ertəsi ● Bakı +26° USD 1.70 EUR 1.96

Kiçik sahibkarın məhsulu var, alıcısı var, amma bazarı yoxdur… – Deputat

Azərbaycanda bəlkə də kiçik yerli istehsalçıdan 100 nəfərdən 99-u narazıdır, əziyyət çəkir. Çünki məhsulunu satmağa bazarı yoxdur. Hal-hazırda bütün bazar ticarət şəbəkələri tərəfindən idarə olunur. Azərbaycanda bir neçə ticarət şəbəkəsi var, onlar supermarketlərə, hipermarketlərə, balaca marketlərə malikdirlər və bütün Azərbaycanın az qala kəndləri daxil olmaqla o bazarı ələ keçiriblər.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev kiçik və orta sahibkarların ticarət şəbəkələrində qarşılaşdığı problemləri, yüksək faiz tələblərini və dövlət tənzimlənməsinin vacibliyini şərh edərkən bildirib.

Ticarət şəbəkələri yerli istehsalçıdan 30-40% tələb edir

Millət vəvkili iri market şəbəkələrinin kommersiya maraqlarını və yerli məhsulların qarşısına qoyulan maneələri vurğulayıb:

“Şəbəkələr həmin yerli istehsalçıdan məhsulunu satmaq üçün 30-40% civarında pul istəyirlər. Hətta bunun müqabilində belə həmin məhsulları vitrinin görünən yerinə qoymağı qadağan edirlər. Başa düşürəm ki, o şəbəkə sahibləri də biznesmendir, daha çox məhsul satmaq, daha çox pul qazanmaq, tanınmış brend məhsulları satışa çıxartmaq istəyirlər. Bu, onların hüququdur. Ona görə də bu məsələdə bir az dövlət tənzimləməsi vacibdir. Bəzən kiçik sexlərdə istehsal olunan məhsullar analoqlarından daha keyfiyyətli, gözəgəlimli və ucuz olur, insanların cibinə uyğundur. Amma məhsul satılmır, sexlərdə və evlərdə məhv olur. Alıcı var, amma satış üçün bazar yoxdur”.

Baş nazir qarşısında konkret təkliflərlə məsələ qaldırılacaq

MCP başqanı sahibkarlarla keçirdiyi görüşlərə və parlament müstəvisində atılacaq addımlara diqqət çəkib:

“Bu məsələ ilə bağlı çıxış etmişəm, problemi qaldırmışam. Artıq iş adamları və sahibkarlarla görüşmüşəm, onlarla müzakirə etmişəm. İndi bu məsələni yenə qaldıracağam və konkret təkliflərim var. Milli Məclisdə Baş nazirdən də xahiş edəcəyəm ki, bu gün əgər biz yerli istehsala nail olmaq, iş yerləri açmaq, kiçik sahibkarlığı ayağa qaldırmaq, onların sayını dəfələrlə artırmaq və vergilər toplamaq istəyiriksə, mütləq şəkildə yerli istehsalçıların mallarını satmaq üçün onlara meydan və bazar vermeliyik. Hər bir kiçik sahibkarın imkanı yoxdur ki, özünə dükan alıb və ya icarəyə götürüb mağaza açsın”.

Onlayn satış tam həll yolu deyil

Parlamentari alternativ satış kanallarının çətinliklərini önə çəkərək fikirlərini yekunlaşdırıb:

“İndi deyə bilərlər ki, onlayn satış eləsinlər. Düzdür, bu istiqamətdə də çalışırlar, amma həll yolu deyil, qazanc götürə bilmirlər. Onlayn sistemi qurmaq da çətindir. Bunun üçün də bu məsələ dövlət tərəfindən elə tənzimlənməlidir ki, bütün yerli istehsalçıların malları yerli ticarət şəbəkələrində satıla bilsin”.