Beynəlxalq münasibətlər sistemində dövlətlərin hüquqlarının qorunması və qəbul edilən qərarların icrası mühüm əhəmiyyət daşıyır. Lakin ayrı-ayrı hallarda beynəlxalq hüquq normalarının eyni şəkildə tətbiq edilməməsi ciddi problemlər yaradır. Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın uzun illər üzləşdiyi bu reallığa diqqət çəkib. Dövlət başçısı xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmamasını mühüm məsələ kimi qeyd edib. 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən dörd qətnamə qəbul edilsə də, onların icrasını təmin edən mexanizm yaradılmayıb. Ermənistanın bu qətnamələri yerinə yetirməməsinə baxmayaraq, ona qarşı sanksiyalar tətbiq edilməyib. Prezident İlham Əliyev çıxışında bu vəziyyəti beynəlxalq siyasətdə ikili standartların nümunəsi kimi qiymətləndirib. Azərbaycanın uzun illər ərzində belə yanaşmadan əziyyət çəkdiyi bildirilib. Dövlət başçısının mövqeyinə görə, beynəlxalq siyasətdə ikili standartların aradan qaldırılması münaqişələrin və problemlərin azalmasına, qarşılıqlı fəaliyyətin genişlənməsinə xidmət edə bilər.
İşğal dövrünün nəticələri də problemin miqyasını aydın göstərir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini işğal edib, etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb. İşğal olunmuş ərazilərdə dini və tarixi abidələrə, o cümlədən məscidlərə ciddi ziyan vurulub. Azərbaycan bütün bu proseslərə baxmayaraq, beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyub. Prezidentin çıxışında vurğulandığı kimi, Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa edib. Bunun ardınca isə Ermənistanla sülh təşəbbüsü irəli sürülüb.
Dövlət başçısının çıxışında Azərbaycanın xarici siyasətinin başqa bir mühüm xüsusiyyəti də ifadə olunub. Azərbaycan digər dövlətlərin daxili işlərinə müdaxilə etmir və eyni münasibəti özünə qarşı da gözləyir. Hər hansı müstəqil dövlətə necə yaşamalı olduğunu diktə etmək yanaşması qəbulolunmaz hesab edilir. Azərbaycanın müstəqil siyasəti ölkənin beynəlxalq nüfuzunun artmasına da imkan yaradıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi qəbul olunur. 2025-ci ildə Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamənin, həmin ilin avqustunda isə ABŞ ilə Strateji Xartiyanın imzalanması Azərbaycanın iki böyük dövlətlə strateji tərəfdaşlıq formatında münasibətlər qurduğunu göstərir. Bununla yanaşı, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq bəyannaməsi və ya sazişinin mövcudluğu da Azərbaycanın beynəlxalq əlaqələrinin genişliyini nümayiş etdirir.
Prezident İlham Əliyevin Forumdakı çıxışı yalnız Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizlikləri xatırlatmaqla məhdudlaşmayıb. Çıxışda beynəlxalq münasibətlər sistemində hüququn aliliyinin təmin olunması, dövlətlərə münasibətdə ikili standartlardan imtina edilməsi və beynəlxalq qərarların icra mexanizmlərinin gücləndirilməsi kimi mühüm məsələlər də önə çəkilib.

