Əsas məzmuna keç
28 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Vüqar İskəndərov qlobal siyasi prosesləri təhlil edib

Deputat ABŞ–İran qarşıdurması, İsraildə siyasi vəziyyət, Ukrayna müharibəsi və ABŞ–Çin rəqabəti ilə bağlı qiymətləndirmələrini bölüşüb.

Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İskəndərov “Qlobal siyasi proseslərə baxışım” başlıqlı təhlilində oktyabrın 28-nə olan son siyasi prosesləri dəyərləndirib.

Deputatın fikrincə, ABŞ–İran qarşıdurmasının uzanması hərbi xərclərlə yanaşı, ciddi iqtisadi və siyasi yük yaradır. O qeyd edib ki, müharibənin davam etməsi diplomatik həll axtarışlarını daha da aktuallaşdırır. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının vasitəçilik səyləri fonunda regionda sabitliyin təmin olunması Azərbaycanın təhlükəsizlik maraqları baxımından da mühüm əhəmiyyət daşıyır.

Vüqar İskəndərov İsraildəki siyasi vəziyyətə toxunaraq bildirib ki, seçkilərdən sonra hakimiyyətin formalaşdırılması prosesi ölkənin İran və Fələstin siyasətinə təsir göstərə bilər. Bununla belə, seçki nəticələrinin regional siyasətdə dərhal dəyişiklik yaradacağını düşünmək tezdir.

Deputat Ukrayna müharibəsi ilə bağlı Avropanın mövqeyini də şərh edib. Onun qənaətinə görə, Avropa ölkələri sülh prosesində iştiraklarını qorumağa və qitənin təhlükəsizliyi ilə bağlı qərarların qəbulunda rol oynamağa çalışırlar. Bu baxımdan, danışıqlarda yalnız sülhün şərtləri deyil, prosesdə hansı tərəflərin iştirak edəcəyi də mühüm siyasi məsələyə çevrilib.

Təhlildə ABŞ–Çin rəqabəti və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də yer alıb. Deputat hesab edir ki, ABŞ-ın müxtəlif regionlardakı hərbi və siyasi öhdəlikləri Vaşinqtonun strateji imkanları ilə bağlı suallar doğurur, Çin isə yaranmış şəraitdə regional təsir imkanlarını artırmağa çalışır.

Avropa ilə Asiya arasında ticarət və texnologiya tərəfdaşlığının genişləndirilməsinə toxunan Vüqar İskəndərov bu prosesin Azərbaycan üçün də yeni imkanlar yarada biləcəyini vurğulayıb. Onun fikrincə, Orta Dəhlizin əhəmiyyətinin artması ölkəmizin tranzit potensialı üçün perspektivlər açır. Bunun reallaşması isə infrastrukturun inkişafından və marşrutun rəqabət qabiliyyətindən asılıdır.

Deputatın qənaətinə görə, dəyişən geosiyasi şəraitdə Azərbaycanın əsas prioritetləri müstəqil siyasətin davam etdirilməsi, regional sabitliyin qorunması və etibarlı iqtisadi bağlantıların gücləndirilməsidir.