Əsas məzmuna keç
09 Noyabr 2026, Bazar ertəsi ● Bakı +26° USD 1.70 EUR 1.96

Şuşadan Avrasiyaya uzanan Zəfər yolu: Bakının yeni dünya düzənindəki yeri

8 Noyabr – Zəfər Günü Azərbaycanın yalnız torpaqlarını deyil, özünəinamını, tarixi iddiasını və gələcəyini də geri qaytardığı gündür. Bu, otuz illik məğlubiyyət sindromunun dağıldığı, milli ruhun yenidən doğulduğu, Azərbaycanın regional və qlobal siyasətdə öz sözünü deməyə başladığı tarixi dönüş nöqtəsidir. Şuşada yazılan Zəfər dastanı bu gün Avrasiyanın geosiyasi xəritəsində yeni reallıqlar yaradır. Dünən öz torpaqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycan bu gün regionun və daha geniş coğrafiyanın gələcəyinə təsir göstərən dövlətə çevrilir.

Tarix bəzən xalqları elə sınaqlardan keçirir ki, həmin sınaqlardan sonra ya məğlubiyyətin ağırlığı altında əzilib zamanın axarında itib gedirlər, ya da öz talelərini dəyişərək tarix yazan millətə çevrilirlər. Azərbaycan xalqı bu iki yolun ayrıcında öz taleyini seçdi. Otuz ilə yaxın davam edən işğalın, didərginliyin, yurd həsrətinin, beynəlxalq ədalətsizliyin və diplomatik nəticəsizliyin qarşısında sınmadı, əyilmədi, mübarizə əzmini itirmədi. Əksinə, ağrısını gücə, nisgilini iradəyə, gözləntisini qətiyyətə çevirdi.

2020-ci il noyabrın 8-də Şuşada dalğalanan üçrəngli bayraq məhz bu mübarizənin, bu iradənin və bu tarixi əzmin təntənəsi idi. Həmin gün Azərbaycan yalnız Qarabağın tacı olan Şuşanı azad etmədi. O gün bir xalq öz taleyinin sahibi olduğunu, öz tarixini yazmaq gücündə olduğunu dünyaya sübut etdi. Şuşanın azadlığı ilə otuz illik məğlubiyyət psixologiyasının üzərindən xətt çəkildi, Azərbaycanın milli qüruru və dövlətçilik iradəsi yenidən tarix səhnəsinə qayıtdı.
Bu, sadəcə hərbi qələbə deyildi. Bu, bir xalqın özünə qayıdışı, dövlətin qüdrətini təsdiqi, tarixi ədalətin bərpası və yeni siyasi erasının başlanğıcı idi.

Şuşada dəyişən təkcə cəbhə xətti deyildi, dünyanın Azərbaycana baxışı dəyişdi!

Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutan hərbi qəhrəmanlıq nümunəsidir. Sıldırım qayaları, keçilməz meşələri, dərin dərələri aşaraq, müasir hərbi texnologiyaların hökm sürdüyü bir dövrdə düşməni əlbəyaxa döyüşlə məğlub edən Azərbaycan əsgəri yalnız hərbi üstünlük nümayiş etdirmədi. O, iradənin, inamın və Vətən sevgisinin qarşısında heç bir səddin dayana bilməyəcəyini göstərdi.

Məhz Şuşada Azərbaycanın hərbi gücü ilə yanaşı, siyasi iradəsinin də sarsılmaz olduğu təsdiqləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycanı uzun illər başqalarının müəyyən etdiyi geosiyasi gündəliyin subyekti olmaqdan çıxarıb, öz gündəliyini formalaşdıran dövlətə çevirdi.

Bir vaxtlar Qarabağ məsələsi beynəlxalq vasitəçilərin, böyük güclərin və müxtəlif geosiyasi mərkəzlərin müzakirə predmetinə çevrilmişdi. Azərbaycanın milli maraqları isə illərlə diplomatik bəyanatların, nəticəsiz danışıqların və siyasi vədlərin kölgəsində saxlanılırdı. Zəfər bu mənzərəni kökündən dəyişdi.

Bakı bütün dünyaya göstərdi ki, Azərbaycanla hesablaşmadan Cənubi Qafqazın gələcəyini müəyyənləşdirmək mümkün deyil. Regionun siyasi xəritəsi dəyişmiş, qüvvələr nisbəti yenilənmiş, Azərbaycanın geosiyasi çəkisi yeni mərhələyə yüksəlmişdi.

2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərpası isə bu tarixi prosesin mühüm tamamlanması oldu. Beləliklə, Azərbaycan yalnız hərbi qələbə qazanan deyil, suverenliyini tam təmin edən, ərazi bütövlüyünü bərpa edən dövlət kimi yeni siyasi mərhələyə qədəm qoydu.

Bakı artıq başqalarının yazdığı ssenarilərin iştirakçısı deyil!

Zəfərin ən böyük siyasi nəticəsi Azərbaycanın geosiyasi statusunun dəyişməsidir. Bu gün Bakı yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının siyasi, iqtisadi və strateji proseslərində mühüm rol oynayan mərkəzlərdən biridir.
Dünya dəyişir. Köhnə güc balansları sarsılır, yeni ittifaqlar yaranır, enerji və nəqliyyat marşrutları uğrunda rəqabət güclənir. Böyük dövlətlər arasında geosiyasi qarşıdurmalar dərinləşdikcə Avrasiyanın strateji əhəmiyyəti daha da artır. Bu mürəkkəb mənzərədə Azərbaycanın coğrafiyası, enerji potensialı, nəqliyyat infrastrukturu və müstəqil xarici siyasəti ölkəmizə mühüm üstünlüklər qazandırır.
Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun, Avropa ilə Mərkəzi Asiyanın kəsişməsində yerləşən strateji körpüdür. Lakin Bakı artıq yalnız coğrafiyanın yaratdığı üstünlüklərlə kifayətlənmir. O, bu üstünlüyü siyasi və iqtisadi təsir imkanına çevirir.

Orta Dəhliz, Şimal-Cənub nəqliyyat marşrutu, Xəzər üzərindən daşımalar, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və yeni enerji layihələri Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır. Bu layihələrin hər biri ölkəmizin Avrasiya məkanında strateji bağlantı rolunu möhkəmləndirir.

Bu gün Avropa enerji təhlükəsizliyindən danışarkən Azərbaycanı nəzərə alır, Mərkəzi Asiya Avropa bazarlarına çıxış imkanlarını genişləndirərkən Bakı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir, Türkiyə ilə Türk dünyası arasında əlaqələrin dərinləşməsində Azərbaycanın rolu ön plana çıxır.
Bütün bunlar təsadüfi deyil. Bu, Zəfərdən sonra formalaşmış yeni siyasi reallığın nəticəsidir.

Çoxvektorlu diplomatiya – Azərbaycanın yeni dünya düzənində siyasi kompası!

Müasir dünyada güclü dövlət olmaq yalnız hərbi qüdrətə malik olmaq demək deyil. Güc həm də mürəkkəb geosiyasi münasibətlər sistemində düzgün istiqamət seçmək, müxtəlif güc mərkəzləri ilə milli maraqlar çərçivəsində münasibətlər qurmaq, heç bir tərəfin geosiyasi maraqlarının girovuna çevrilməmək bacarığıdır.

Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti məhz bu fəlsəfəyə söykənir.
Bakı Ankara ilə strateji müttəfiqliyini möhkəmləndirir, Vaşinqtonla münasibətlərdə yeni imkanlar axtarır, Avropa ilə enerji və iqtisadi əməkdaşlığı genişləndirir, Moskva və Pekinlə dialoqu davam etdirir, Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyanı dərinləşdirir. Bütün bunların mərkəzində isə dəyişməz bir prinsip dayanır: Azərbaycanın milli maraqları!

Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik diplomatiyanın əsas mahiyyəti də budur. Azərbaycan heç bir geosiyasi mərkəzin iradəsinə uyğun hərəkət edən dövlət olmaq istəmir. Bakı öz qərarlarını özü verir, tərəfdaşlarını özü seçir, əməkdaşlıq istiqamətlərini milli maraqları əsasında müəyyənləşdirir. Bu, orta güc statusuna yüksələn dövlətin davranış modelidir. Azərbaycan artıq yalnız regionda baş verən proseslərə reaksiya verən ölkə deyil, həmin proseslərin istiqamətinə təsir göstərən aktordur.

Zəfərdən doğan yeni missiya: Müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa!

Əsl qalibiyyət yalnız döyüş meydanında əldə edilən üstünlüklə ölçülmür. Əsl qalibiyyət həmin üstünlüyü gələcək nəsillərin təhlükəsizliyinə, rifahına və inkişafına çevirmək bacarığıdır.

Azərbaycanın Zəfərdən sonra ortaya qoyduğu sülh gündəliyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı Cənubi Qafqazın əbədi qarşıdurma məkanına çevrilməsini istəmir. Azərbaycan regionun yeni iqtisadi və kommunikasiya xəritəsinin formalaşmasında maraqlıdır. Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, nəqliyyat əlaqələrinin açılması və qarşılıqlı iqtisadi maraqların yaradılması bu strategiyanın əsas istiqamətləridir.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Birgə Bəyannamə imzalaması bu prosesdə mühüm mərhələ oldu. Bu hadisə Azərbaycanın postmüharibə dövründə irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq müstəvidə də əhəmiyyət qazandığını göstərdi.
TRIPP layihəsi və regional kommunikasiyaların açılması perspektivi isə Azərbaycanın coğrafi mövqeyini daha böyük geoiqtisadi layihənin mərkəzinə çevirə bilər. Söhbət təkcə bir nəqliyyat xəttindən deyil, Türkiyədən Mərkəzi Asiyaya, oradan Avropaya uzanan yeni bağlantı imkanlarından gedir.
Bakı bununla bir daha göstərir ki, Zəfərin məqsədi yeni münaqişələr yaratmaq deyil, Azərbaycanın suveren hüquqlarına əsaslanan davamlı sülh və əməkdaşlıq mühiti formalaşdırmaqdır.

Şuşadan Avrasiyaya: Azərbaycan öz tarixinin yeni fəslini yazır!

8 Noyabrın bizə öyrətdiyi ən böyük dərs budur: heç bir xalq öz taleyini başqalarının mərhəmətinə və vədlərinə bağlamamalıdır. Tarixi dəyişmək üçün ilk növbədə öz gücünə inanmaq, milli birliyi qorumaq, güclü dövlət qurmaq və strateji hədəflərdən dönməmək lazımdır.

Azərbaycan xalqı bunu bacardı. Bir vaxtlar məğlubiyyətin ağrısı ilə yaşayan, doğma yurdlarının həsrətini çəkən xalq bu gün qələbənin yaratdığı yeni reallıqda yaşayır. Dünən Şuşaya qovuşmaq arzusu ilə yaşayan millət bu gün Qarabağda şəhərlər, kəndlər, yollar, hava limanları, məktəblər və yeni həyat qurur. Amma Zəfərin qarşıya qoyduğu hədəflər bununla bitmir. Qarabağın bərpası, Böyük Qayıdış, iqtisadiyyatın şaxələndirilməsi, texnoloji inkişaf, güclü təhsil sistemi, müasir ordu və beynəlxalq mövqelərin möhkəmləndirilməsi Azərbaycanın növbəti tarixi missiyasıdır. Çünki hərbi qələbə dövlətin qüdrətini təsdiqləyirsə, iqtisadi və texnoloji inkişaf həmin qüdrətin davamlılığını təmin edir. Zəfəri gələcək nəsillərə ötürməyin yolu da məhz budur.

Bu gün Azərbaycan tarixinin yeni mərhələsini yaşayır. Şuşada yazılan qəhrəmanlıq dastanı Bakının diplomatik masalarında, Avrasiyanın nəqliyyat dəhlizlərində, enerji marşrutlarında, beynəlxalq platformalarda və yeni geosiyasi təşəbbüslərdə davam edir.

Dünən Azərbaycan torpaqlarını azad etməklə öz gücünü dünyaya göstərdi. Bu gün isə həmin gücü regional və qlobal siyasi nüfuza çevirmək uğrunda tarixi yol gedir.

8 Noyabr bir xalqın məğlubiyyət sindromundan qurtulduğu, özünə qayıtdığı, öz taleyinin sahibi olduğu gündür. Bu tarix bizə göstərdi ki, xalqın birliyi, dövlətin iradəsi və liderin qətiyyəti bir məqsəd ətrafında birləşəndə heç bir tarixi ədalətsizlik əbədi davam edə bilməz.

Şuşa bizim qürurumuz, Qarabağ milli yaddaşımız, Zəfər isə dövlətçilik iradəmizin təntənəsidir!
İndi Azərbaycanın qarşısında daha böyük bir missiya dayanır: qazanılmış Qələbəni güclü dövlətə, davamlı sülhə, iqtisadi qüdrətə və Avrasiyada söz sahibi olan siyasi mövqeyə çevirmək.
Çünki 8 Noyabr yalnız keçmişin şanlı xatirəsi deyil. O, Azərbaycanın gələcəyinə yazılmış böyük iddianın başlanğıcıdır.

Bir vaxtlar dünya Azərbaycana Qarabağ münaqişəsinin tərəfi kimi baxırdı. Bu gün isə Bakı regionun gələcəyinin müzakirə olunduğu ünvanlardan biridir. Şuşadan başlayan Zəfər yolu Azərbaycanı yeni geosiyasi üfüqlərə aparır. Və bu yolun əsas istiqaməti bəllidir: güclü dövlət, qalib xalq, müstəqil siyasət və Avrasiyanın gələcəyində söz sahibi olan Azərbaycan!

Müşfiq Məmmədli
Milli Məclisin deputatı