Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Dublin səfəri səhiyyədə hansı yeniliklərə yol aça bilər? – Deputatdan açıqlama

Azərbaycan Prezidenti İlham Əliyevin Dublinə səfəri və Avropa liderləri ilə keçirdiyi görüşlər ölkəmizin beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması siyasi, iqtisadi və humanitar sahələrdə yeni əməkdaşlıq perspektivləri açır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Yenigun.Media-ya açıqlamasında Dublin səfərinin əhəmiyyətini, Azərbaycan–Avropa münasibətlərinin perspektivlərini, səhiyyə sahəsində əməkdaşlıq imkanlarını və bu proseslərin vətəndaşların sosial rifahına mümkün təsirlərini dəyərləndirib.


Deputat bildirib ki, Prezident İlham Əliyevin Dublin səfəri Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin inkişafı, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı iqtisadi maraqların uzlaşdırılması baxımından mühüm diplomatik hadisədir.

Onun sözlərinə görə, Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın daha geniş istiqamətləri əhatə etməsi üçün yeni siyasi çərçivə yaradır.

Müşfiq Məmmədli qeyd edib ki, Bəyannamənin mühüm məqamlarından biri Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinin təsdiqlənməsidir. Eyni zamanda, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstək ifadə olunması regional sülh gündəliyinin ikitərəfli münasibətlərdə də yer tutduğunu göstərir.

Deputatın fikrincə, sosial-iqtisadi baxımdan sənədin əsas əhəmiyyəti enerji sektorundan kənarda əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlıdır. Bərpaolunan enerji, nəqliyyat və logistika, Orta Dəhliz, investisiyalar, təhsil, süni intellekt və innovasiya sahələri üzrə əməkdaşlıq perspektivləri xüsusi diqqət çəkir.

O vurğulayıb ki, əsas məsələ siyasi razılaşmaların konkret investisiya layihələrinə, yeni iş yerlərinə, müasir texnologiyaların tətbiqinə və insan kapitalının inkişafına çevrilməsidir.

Səhiyyə sahəsində əməkdaşlıq imkanlarına toxunan Müşfiq Məmmədli bildirib ki, strateji tərəfdaşlıq sənədinin perspektivli istiqamətlərindən biri də səhiyyə və həyat elmləri sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Deputatın sözlərinə görə, Bəyannamədə səhiyyə ayrıca əməkdaşlıq bölməsi kimi göstərilməsə də, təhsil, elmi tədqiqatlar, innovasiya, inkişaf edən texnologiyalar və həyat elmləri sahələrində tərəfdaşlıq nəzərdə tutulur. Bu müddəalar tibbi əməkdaşlığın inkişafı üçün də əlverişli əsas yarada bilər.

O bildirib ki, Böyük Britaniyanın səhiyyə sisteminin idarə olunması, klinik tədqiqatlar, tibbi təhsil və biotexnologiya sahəsində zəngin təcrübəsi var. Xüsusilə Milli Səhiyyə Xidmətinin (NHS) fəaliyyət modeli, ilkin səhiyyə xidmətlərinin təşkili, xəstəxanaların idarə edilməsi və tibbi xidmətlərin keyfiyyətinə nəzarət mexanizmləri Azərbaycan üçün öyrənilməsi faydalı olan istiqamətlərdir.

Müşfiq Məmmədli hesab edir ki, Britaniya təcrübəsindən istifadə etməklə xəstəxana menecmentinin təkmilləşdirilməsi, rəqəmsal səhiyyənin inkişafı, süni intellekt əsaslı diaqnostik sistemlərin tətbiqi və tibbi xidmətlərin keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində birgə layihələr həyata keçirilə bilər.

Deputat digər mühüm istiqamətin tibb işçilərinin peşəkar hazırlığı olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan və Britaniya universitetləri, tibb müəssisələri və elmi mərkəzləri arasında birgə təhsil proqramlarının, klinik təcrübə mübadiləsinin və tədqiqat layihələrinin təşkili həkimlərin müasir tibbi biliklərə çıxışını genişləndirə bilər.

O, həmçinin onkologiya, kardiologiya, transplantologiya, tibbi genetika və biotexnologiya kimi yüksək texnologiyalı sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını vacib hesab edir.

Deputatın sözlərinə görə, strateji tərəfdaşlığın səhiyyə sahəsində əsas hədəfi yalnız müasir tibbi avadanlıqların alınması deyil, həmin texnologiyaları tətbiq edə bilən milli kadr potensialının və elmi-tədqiqat mühitinin formalaşdırılması olmalıdır.

Avropa ölkələri ilə səhiyyə sahəsində təcrübə mübadiləsinin əhəmiyyətindən danışan Müşfiq Məmmədli bildirib ki, müasir dövrdə səhiyyənin inkişafı yalnız dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ilə müəyyən olunmur. Əsas göstəricilərdən biri həmin vəsaitin nə dərəcədə səmərəli idarə olunması, tibbi xidmətlərin keyfiyyəti və yeni texnologiyaların əhali üçün əlçatanlığıdır.

O qeyd edib ki, xəstəxanaların akkreditasiyası, klinik protokolların tətbiqi, pasiyent təhlükəsizliyi, tibbi xidmətlərin maliyyələşdirilməsi və keyfiyyətə nəzarət mexanizmləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi vacibdir.

Deputat əczaçılıq sənayesinin inkişafını da mühüm istiqamət kimi qiymətləndirib. Onun fikrincə, Azərbaycanda dərman istehsalının inkişaf etdirilməsi yalnız iqtisadi məsələ deyil, həm də ölkənin dərman təhlükəsizliyi və səhiyyə sisteminin dayanıqlığı ilə birbaşa bağlıdır.

Müşfiq Məmmədli Avropa şirkətləri ilə texnologiya transferi, birgə istehsal müəssisələrinin yaradılması, beynəlxalq GMP standartlarının tətbiqi və yerli mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlığın ölkəmizin idxaldan asılılığının mərhələli şəkildə azaldılmasına xidmət edə biləcəyini bildirib.

O xüsusi vurğulayıb ki, dərman istehsalının lokallaşdırılması yalnız istehsal həcmini artırmaq məqsədi daşımamalıdır. Əsas hədəf keyfiyyətli, təhlükəsiz və effektiv dərman vasitələrinin vətəndaşlar üçün daha əlçatan olmasıdır.

Rəqəmsal səhiyyə, teletibb, süni intellektlə dəstəklənən diaqnostika və elektron tibbi məlumat sistemləri üzrə əməkdaşlığın da əhəmiyyətinə toxunan deputat bildirib ki, bu istiqamətlər regionlarda yaşayan əhalinin ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarını genişləndirə bilər.

Azərbaycanın Dublində üç Avropa sənədinə qoşulmaması qərarını da şərh edən Müşfiq Məmmədli qeyd edib ki, beynəlxalq sənədlərə qoşulmaq məsələsi hər bir dövlətin müstəqil qərarvermə səlahiyyətinə aiddir.

Deputat bildirib ki, Dublin sammitində söhbət Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə, Miqrasiya haqqında Bəyanat və Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatından gedirdi.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin 13 noyabr tarixli rəsmi açıqlamasına əsasən, ölkəmiz əlavə hüquqi və siyasi öhdəliklər yaradan bu sənədlərə qoşulmayıb.

Müşfiq Məmmədli hesab edir ki, bu qərara milli maraqlar prizmasından yanaşılmalı, sənədlərin konkret müddəaları, nəzərdə tutulan öhdəliklər və onların Azərbaycanın mövcud siyasəti ilə uyğunluğu əsas meyar olmalıdır.

O vurğulayıb ki, hansısa sənədə qoşulmamaq həmin sənəddə əksini tapan problemlərin həllində əməkdaşlıqdan imtina etmək demək deyil. Azərbaycan Avropa dövlətləri ilə təhlükəsizlik, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində mövcud ikitərəfli və çoxtərəfli mexanizmlər vasitəsilə əməkdaşlığı davam etdirə bilər.

Avropa ilə münasibətlərin inkişafının Azərbaycan vətəndaşlarının sosial rifahına mümkün təsirlərindən danışan deputat bildirib ki, beynəlxalq əməkdaşlığın əhəmiyyəti yalnız siyasi əlaqələrin genişlənməsi ilə məhdudlaşmır. Onun vətəndaşların gündəlik həyatına, sosial təminatına, məşğulluğuna və sağlamlığına təsiri də mühüm göstəricidir.

Müşfiq Məmmədlinin fikrincə, Avropa ölkələri ilə iqtisadi və texnoloji əməkdaşlığın genişlənməsi yeni investisiyaların cəlb olunmasına, yüksək ixtisaslı iş yerlərinin yaradılmasına və əmək bazarında rəqabətqabiliyyətli peşələrin inkişafına şərait yarada bilər.

O qeyd edib ki, gənclərin müasir texnologiyalar, mühəndislik, tibb, süni intellekt və digər innovativ sahələr üzrə təhsil və peşə hazırlığı imkanlarının genişlənməsi uzunmüddətli sosial-iqtisadi inkişaf baxımından əhəmiyyətlidir.

Deputat səhiyyə sahəsində əməkdaşlığın nəticələrinin vətəndaşların gündəlik həyatında daha konkret şəkildə hiss oluna biləcəyini bildirib. Onun sözlərinə görə, müasir diaqnostika texnologiyalarının tətbiqi xəstəliklərin erkən aşkarlanmasına, qabaqcıl müalicə metodlarının mənimsənilməsi tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə, yerli dərman istehsalının inkişafı isə dərman təminatının dayanıqlığının güclənməsinə kömək edə bilər.

Müşfiq Məmmədli Dublin səfərinin Azərbaycan üçün ən mühüm nəticələrinin siyasi, iqtisadi və humanitar istiqamətlər üzrə birlikdə qiymətləndirilməli olduğunu bildirib.

O diqqətə çatdırıb ki, 30 ildən artıq enerji əməkdaşlığı təcrübəsinin yüksək texnologiyalar, innovasiya, bərpaolunan enerji, nəqliyyat və xidmət sektorlarına genişləndirilməsi üçün yeni imkanlar yaranır.

Deputatın sözlərinə görə, imzalanmış Bəyannamədə tərəflərin əməkdaşlığın üç əsas istiqaməti üzrə irəliləyişi nəzərdən keçirmək və gələcək prioritetləri müəyyənləşdirmək məqsədilə hər il Strateji Tərəfdaşlıq görüşü keçirməsi nəzərdə tutulur. Bu isə sənədin icrasının mütəmadi müzakirəsi üçün konkret mexanizmdir.

Müşfiq Məmmədli səhiyyə sahəsində tibbi innovasiyaların, əczaçılıq sənayesinin inkişafının, tibb təhsilinin və elmi tədqiqatların da əməkdaşlığın praktiki nəticələri sırasında xüsusi yer tutmasını arzuladığını bildirib.

Deputat yekunda vurğulayıb ki, Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri beynəlxalq tərəfdaşlıqları yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də insan kapitalının inkişafına xidmət edən mexanizm kimi dəyərləndirməkdir.

Onun fikrincə, Dublin səfərinin uzunmüddətli nəticələri imzalanmış sənədlərin hansı konkret layihələrə çevrilməsindən, investisiyaların həcmi və keyfiyyətindən, yeni texnologiyaların tətbiqindən və ən əsası, Azərbaycan vətəndaşlarının sosial rifahına verəcəyi real töhfələrdən asılı olacaq.