Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlığın yeni perspektivləri

Müasir dövrdə dövlətlərarası münasibətlərin möhkəmlənməsi yalnız siyasi dialoq və diplomatik əlaqələrlə deyil, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni bazarlara çıxış imkanlarının yaradılması ilə sıx bağlıdır. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində formalaşmış əməkdaşlıq təcrübəsi, qarşılıqlı maraqlar və iqtisadi potensial iki ölkə arasında tərəfdaşlığın daha geniş istiqamətlər üzrə inkişafı üçün əlverişli zəmin yaradır. 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bu əməkdaşlığın gələcək prioritetlərini müəyyənləşdirən mühüm sənəddir. Bəyannamədə iqtisadiyyat, ticarət və investisiya sahələrində əlaqələrin genişləndirilməsi tərəflərin əsas hədəflərindən biri kimi müəyyənləşdirilib. Sənəddə güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın uzunmüddətli sabitlik və rifahın mühüm təməlləri olduğu vurğulanır. Bu yanaşma iqtisadi münasibətlərin yalnız mövcud imkanlarla məhdudlaşmadığını, eyni zamanda yeni əməkdaşlıq istiqamətlərinin yaradılmasına və biznes əlaqələrinin dərinləşdirilməsinə hesablandığını göstərir.

İki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri prioritet sektorlara investisiyaların cəlb edilməsidir. Bəyannamədə bərpaolunan enerji, infrastruktur və xidmətlər sahəsində uzunmüddətli kommersiya tərəfdaşlıqlarının təşviqi nəzərdə tutulur. Eyni zamanda, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, bizneslərarası əlaqələrin inkişafı, yeni iş yerlərinin və əlavə dəyər yaradan müəssisələrin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətlər Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və müasir istehsal sahələrinin genişləndirilməsi məqsədləri ilə uzlaşır. İqtisadi tərəfdaşlığın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şərq ilə Qərb arasında mühüm nəqliyyat qovşağı kimi rolu ölkəmizi beynəlxalq ticarət marşrutlarının inkişafında əhəmiyyətli tərəfdaşa çevirir. Bəyannamədə regional və beynəlxalq bağlantıların vacibliyinin vurğulanması, nəqliyyat, logistika və infrastruktur layihələrinin, xüsusilə Orta Dəhlizin inkişafının dəstəklənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz Avropa ilə Asiya arasında yükdaşımaların şaxələndirilməsi, tranzit imkanlarının genişləndirilməsi və ticarət əlaqələrinin sürətləndirilməsi baxımından mühüm potensiala malikdir. Bu marşrutun inkişafı Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mövqelərinin möhkəmlənməsinə, eyni zamanda tərəfdaş ölkələr üçün yeni iqtisadi imkanların yaranmasına xidmət edir.

Bəyannamədə enerji əməkdaşlığı da iqtisadi tərəfdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Tərəflər bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların tətbiqi sahəsində əməkdaşlığı genişləndirmək niyyətlərini ifadə edirlər. Bu yanaşma qlobal enerji keçidi proseslərinin sürətləndiyi bir dövrdə xüsusi aktuallıq daşıyır. Azərbaycanın enerji resursları, mövcud infrastruktur imkanları və bərpaolunan enerji potensialı ölkəmizin beynəlxalq enerji bazarında rolunu daha da genişləndirmək üçün mühüm əsaslar yaradır. Maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın dərinləşdirilməsi də Birgə Bəyannamədə diqqət çəkən məsələlərdəndir. Sənəddə davamlı investisiyaların, ticarət maliyyəsinin, kiçik və orta biznesin inkişafının, eləcə də yaşıl maliyyələşdirmənin dəstəklənməsi məqsədilə müvafiq qurumlar və maliyyə institutları arasında dialoqun genişləndirilməsi nəzərdə tutulur. İqtisadi münasibətlərin inkişafında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolu da xüsusi qeyd olunmalıdır. Bəyannamədə bu mexanizm iqtisadi, ticarət və investisiya əməkdaşlığını, eləcə də texniki dialoqu stimullaşdıran əsas platformalardan biri kimi qiymətləndirilir. Tərəflər komissiyadan investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüslərin irəlilədilməsi üçün istifadə etməyi nəzərdə tuturlar. Bu isə əməkdaşlığın konkret istiqamətlər üzrə əlaqələndirilməsinə və mövcud imkanların daha səmərəli reallaşdırılmasına şərait yaradır.

Bütün bu müddəalar göstərir ki, Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq geniş potensiala və uzunmüddətli inkişaf perspektivlərinə malikdir. “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat-logistika imkanlarının artırılması və enerji əməkdaşlığının inkişafı üçün mühüm çərçivə formalaşdırır. Bu sənədin yaratdığı imkanların reallaşdırılması iki ölkənin iqtisadi əlaqələrinin daha da dərinləşməsinə, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə və Azərbaycan iqtisadiyyatının beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək.

Samirə Hüseynova