Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Bank əmanətçilərinə vergi güzəşti ilə bağlı deputatdan TƏKLİF

Milli Məclisin deputatı Vüqar Bayramov banklarda yerləşdirilən uzunmüddətli əmanətlər üzrə gəlir vergisi güzəştinin müddətinin daha 3 il uzadılmasını təklif edib.

Yenigun.Media xəbər verir ki, deputat bu barədə Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, gələn ildən etibarən Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsi ilə nəzərdə tutulan güzəştin müddəti başa çatır. Təklif olunan dəyişikliklər paketində isə həmin güzəştin uzadılması nəzərdə tutulmayıb.

Mövcud qaydalara əsasən, fiziki şəxslərin banklarda milli valyutada yerləşdirdikləri əmanətlər üzrə aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Həmçinin, milli valyutada 18 ay və daha artıq müddətə yerləşdirilən və əsas məbləği həmin müddətdən tez qaytarılmayan əmanətlər üzrə faiz gəlirlərinə tam vergi güzəşti tətbiq edilir.

Deputatın izahına görə, güzəşt müddəti uzadılmadığı təqdirdə, gələn ildən etibarən aylıq faiz gəlirlərinin 200 manatdan artıq olan hissəsi gəlir vergisinə cəlb olunacaq. Məsələn, aylıq 500 manat faiz gəliri əldə edən əmanətçinin gəlirinin 300 manatlıq hissəsi vergiyə düşəcək.

Vüqar Bayramov qeyd edib ki, əmanətlər üzrə vergi güzəştləri bank sektorunda depozit portfelinin genişlənməsinə və uzunmüddətli əmanətlərin artmasına müsbət təsir göstərib.

Deputatın təqdim etdiyi statistikaya əsasən, bankların ümumi öhdəliklərinin 76,4 faizi və ya 41,8 milyard manatı depozit portfelinin payına düşür. Bu portfelin 57,4 faizi hüquqi şəxslərin, 42,6 faizi isə fiziki şəxslərin əmanətlərindən formalaşıb.

Bildirilib ki, fiziki şəxslərin əmanətlərinin 64,7 faizi müddətli əmanətlərdir. Vergi güzəştlərinin tətbiqindən sonra unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb.

Deputat hesab edir ki, uzunmüddətli əmanətlər üzrə vergi güzəştlərinin davam etdirilməsi bankların maliyyə resurslarının artırılması, biznes kreditləşməsinin genişləndirilməsi və iqtisadi inkişaf baxımından əhəmiyyətlidir.

Vüqar Bayramov vurğulayıb ki, 2030-cu ilədək biznes kreditlərinin payının artırılması hədəfinə çatmaq üçün bankların uzunmüddətli depozit resurslarına ehtiyacı var.

Deputat bu səbəbdən milli valyutada 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlər üzrə gəlir vergisi güzəştinin daha 3 il uzadılmasını məqsədəuyğun hesab edir.

O bildirib ki, təklifini Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da təqdim edib.

Qeyd edək ki, güzəştin uzadılması ilə bağlı təklif qəbul edilərsə, bu, uzunmüddətli əmanətlərin təşviqinə və bank sektorunda aparılan islahatların dəstəklənməsinə xidmət edə bilər.