Ağdamda məskunlaşma prosesi genişlənir. 2027-ci ildə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam rayonunda kütləvi köçün həyata keçirilməsi gözlənilir.
Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Ağdam Şəhəri Günü ərəfəsində rayonun yenidən qurulması və əhalinin doğma yurda qayıdışı ilə bağlı diqqətçəkən rəqəmlər açıqlayıb.

Deputatın sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Məskunlaşma göstəricilərinə görə, Ağdam rayonu ilk sıradadır. Belə ki, hazırda rayonda 8300 nəfər məskunlaşıb.
Vüqar Bayramov bildirib ki, Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, şəhərin gələcəkdə 100 min nəfər əhalisi olacaq. Bu plan reallaşdıqda Ağdam işğaldan azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək.
Deputatın diqqətə çatdırdığı digər mühüm məqam isə qarşıdakı dövrdə məskunlaşmanın daha da genişlənəcəyidir. Onun sözlərinə görə, növbəti aylarda və 2027-ci ildə Ağdam da daxil olmaqla işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məskunlaşma həyata keçiriləcək.
Xatırladaq ki, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycan Ordusunun tarixi Zəfərindən sonra üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılıb. Uzun illər işğal altında qalan və tamamilə dağıdılan şəhərdə hazırda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
Ağdamın yenidən qurulması təkcə şəhərin bərpası deyil, həm də minlərlə insanın doğma torpaqlarına qayıdışının təmin edilməsidir.
Yenigun.Media

