Alman Aptekləri ilə bağlı sosial şəbəkələrdə narazılıq artıb.
Yenigun.Media xəbər verir ki, Nuray Vahabova adlı sosial şəbəkə istifadəçisi “Müştəriyəm, şikayətim var” səhifəsində paylaşım edərək apteklərdən biri ilə bağlı narazılığını ifadə edib.
O bildirib ki, əvvəllər Alman Aptekindən dərman alarkən ödənilən məbləğin müəyyən hissəsi ƏDV şəklində geri qaytarılırdı. Lakin hazırda alış zamanı sistemdə “ƏDV-nin qaytarılmasına əsas verən pərakəndə ticarət və ya ictimai iaşə sahəsinə uyğun deyil” bildirişi ilə qarşılaşır.
Şikayətçi bunun səbəbini sorğulayaraq, aptekin əvvəllər ƏDV geri qaytarılmasına uyğun olduğu halda, indi hansı səbəbdən uyğun hesab edilmədiyini sual edib.
Paylaşımda dərman alarkən çekin yalnız müştəri tələb etdikdən sonra verildiyi də iddia olunub. Nuray Vahabova, həmçinin bəzi dərmanların qiymətlərinin həddindən artıq yüksək olduğunu bildirərək, 10 avro dəyərində olduğunu qeyd etdiyi dərmanın 200 manata satıldığını iddia edib.
Paylaşımın şərh bölməsində digər istifadəçilər də öz narazılıqlarını bölüşüblər. Onlar Alman Apteklərində dərmanların baha satılması ilə bağlı şikayətlərini ifadə edərək qiymətlərin araşdırılmasını istəyiblər.
Qeyd edək ki, dərmanların qiyməti, satış zamanı kassa çekinin təqdim edilməsi və ƏDV geri al sistemində uyğunluq məsələləri istehlakçıların diqqət yetirdiyi mühüm məsələlərdəndir.
Yenigun.Media məsələ ilə bağlı Alman Apteklərinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.


