Bu gün xalqımız son iki yüzilliik tarixini ən şanlı səhifəsi olan – 8 Noyabr Zəfər Gününün altıncı ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd edir.
Bu Zəfər sadəcə 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan dövlətinin gücünün, iradəsinin və qətiyyətinin dünyaya nümayiş etdirməsi deyildi, bu, həm də 2023-cü il sentyabrın 20-ə, suverenliyimizin bərpasına gedən yolun başlanğıcı idi.
Məhz buna görə də 8 Noyabr Zəfər Gününü 20 Sentyabr Suverenlik Günündən ayrı təsəvvür etmək mümkün deyil. Bunlar vahid bir milli mücadilənin iki möhtəşəm tarixi zirvəsidir.
Bəs, Zəfər bizim üçün nədir və onu necə anlamalıyıq?
Bu sualın çox dərin milli, siyasi, mənəvi və hüquqi aspektləri var. Hər kəs bu suala fərqli cavab verə bilər. Lakin əminəm ki, hamımız Zəfər haqqında danışarkən və ya düşünərkən bunları mütləq qeyd edərdik:
Retorik sual:
Bəzən insan düşünür: əgər biz torpaqlarımızı müharibə və qəhrəmanlıq yolu ilə deyil, yəni, möcüzə baş versəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunması yolu ilə geri alsaydıq, biz bu gün yaşadığımız Zəfər hisslərini eyni şəkildə yaşaya bilərdikmi?
Erməni separatizminin kökünü birdəfəlik kəsə, düşməndən qisasımızı ala bilərdikmi?
Əlbəttə, xeyr!
Çünki bu, zədələnmiş və tapdalanmış milli heysiyyətimizə məlhəm olmayacaqdı.
Biz ömür boyu döyüş meydanında məğlub olmuş, torpaqlarını isə öz gücü və iradəsi hesabına deyil, başqalarının qərarı və səyi nəticəsində geri qaytarmış xalq kimi tarixdə qalacaqdıq.
Bütün ömrümüz boyu bu acı və iztirabla yaşayacaqdıq.
Milli yaddaşımızda məğlubiyyətin ağrısı, milli qürurumuzda isə sağalmayan bir yara qalacaqdı.
Bəli, bu Qələbə qansız, itkisiz başa gəlmədi.
Biz bu şanlı Zəfəri şəhidlərimizin qanı, qazilərimizin canı və sağlamlığı bahasına qazandıq.
Amma onu özümüz qazandıq!
Azərbaycan xalqı qazandı!
Heç kimin əvəzimizə döyüşmədiyi, heç kimin bizim yerimizə qurban vermədiyi bu Qələbəni öz gücümüzə, birliyimizə, misilsiz qəhrəmanlığımıza və şücaətimizə söykənərək əldə etdik.
Uzun illər ərzində beynəlxalq təşkilatların, böyük dövlətlərin və diplomatik səylərin həll edə bilmədiyi, etmək istəmədiyi bir problemi öz gücümüzlə həll etdik.
Bu gün dünyada son 80 ildə heç bir dövlət Azərbaycan kimi öz gücü ilə pozulmuş ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilmyib.
Heç bir dövlət döyüş meydanında əldə etdiyi qələbni Azərbaycan kimi diplomatik meydanda təsdiq edilməsinə nail olmayıb.
Bəli, yalnız biz müharibəni qəti və birmənalı Qələbə ilə başa çatdırdıq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.
Regionun geosiyasi xəritəsini və güc balansını öz xeyrimizə dəyişdik.
Qələbəmizlə Türk dövlətlərinə, xüsusilə Orta Asiyadakı Türk dövlətlərinə yeni güc, inam və qürur bəxş etdik.
Qələbəmizlə Türk dünyasının yenidən canlanmasına, öz tarixi gücünü və birliyini daha dərindən dərk etməsinə ciddi təkan verdik.
Beləliklə, xalqımızın adı şəhidlərimizin qanı ilə dünya tarixinə müzəffər və qalib xalq kimi əbədi həkk olundu.
Şəhidlərin şah əsəri!
Bir də hər bir insan istəyər ki, həyatda özündən sonra bir iz, bir əsər qoyub getsin.
Müəllimin əsəri yetişdirdiyi şagirdlər, memarın əsəri inşa etdiyi binalar, şairin və yazıçının əsəri qələmə aldığı misralar, yaratdığı ədəbi nümunələrdir.
Şəhidlərin isə şah əsəri isə azad etdikləri və qoruduqları torpaqdır, Vətəndir, Bayraqdır!
Şəhidlərin şah əsəri milli kimliyimiz, milli qürurumuz, azadlığımız və suverenliyimizdir.
Şəhidlərin şah əsəri indiki və gələcək övladlarımız, bütövlükdə Azərbaycan xalqıdır!
Məhz buna görə də şəhidlər heç vaxt ölmürlər.
Çünki onların əsərləri yaşayır.
Onların izləri azad edilmiş torpaqlarımızdadır.
Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Xocalıda və yüzlərlə şəhər, qəsəbə və kəndimizdə dalğalanan üçrəngli Bayrağımızdadır.
Şəhidlərin əsərləri bugünkü və gələcək müstəqil, azad, suveren və qalib Azərbaycandır.
Şəhidlər bizim yaddaşımızda, qəlbimizdə, milli ruhumuzda yaşayırlar.
Zəfərimizin əsas memarı və müəllifi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla xalqımızı, qəhrəman ordumuzun və bütövlükdə Silahlı Qüvvələrimizin bütün mənsublarını, Şəhid ailələrini, qazilərimizi Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Azay Quliyev
Milli Məclisin deputatı

