Əsas məzmuna keç
20 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycanın quş müşahidəsi imkanları beynəlxalq miqyasda tanıdılır – FOTO

Azərbaycanın zəngin quş müxtəlifliyi, köçəri quşların miqrasiya marşrutları və quş müşahidəsi imkanları “Global Flyways” beynəlxalq sənədli film seriyasının iki bölümündə işıqlandırılıb.

Yenigun.Media xəbər verir ki, bölümlər “BirdLife International” və “Content With Purpose” (CWP) təşkilatları tərəfindən Azərbaycan Turizm Bürosunun (ATB) əməkdaşlığı ilə hazırlanıb.

Beş qitədə 35 çəkiliş məkanını əhatə edən sənədli film seriyasında köçəri quşların miqrasiyası, onların yaşayış mühitinin qorunması və bu istiqamətdə həyata keçirilən təşəbbüslər əks olunur. Azərbaycanla bağlı bölümlərdə isə ölkənin quş müşahidəsi imkanları və təbiət əsaslı turizmin ətraf mühitin mühafizəsindəki rolu ön plana çıxarılır.

Filmlərdə Azərbaycanın mühüm təbii ərazilərindən olan Beşbarmaq dağı, Şirvan Milli Parkı, Qızılağac Milli Parkı və digər məkanlar nümayiş etdirilir. Xəzər dənizi ilə ətraf dağların yaratdığı təbii dəhliz köçəri quşların miqrasiyasında mühüm rol oynayır. Bu ərazilər vasitəsilə yırtıcı, sahil və bataqlıq quşlarından tutmuş yüksək dağlıq ərazilərdə yaşayan növlərədək ölkənin zəngin biomüxtəlifliyi təqdim olunur.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev filmlər çərçivəsində verdiyi müsahibədə ölkənin turizmin inkişafı strategiyası və təbiət əsaslı turizmin əhəmiyyəti barədə danışıb.

Qeyd edək ki, “BirdLife International” 120 ölkədə 125 təşkilatı birləşdirən beynəlxalq təbiəti mühafizə şəbəkəsidir. Böyük Britaniyada fəaliyyət göstərən “Content With Purpose” isə sənədli filmlərin istehsalı və rəqəmsal kampaniyaların hazırlanması üzrə ixtisaslaşıb.

“Global Flyways” seriyasının Azərbaycanla bağlı bölümləri ölkənin təbii irsinin beynəlxalq auditoriyaya tanıdılmasına, eləcə də Azərbaycanın quş müşahidəsi və təbiət əsaslı turizm üçün cəlbedici istiqamət kimi təqdim olunmasına töhfə verir.