Əsas məzmuna keç
27 Avqust 2026, Cümə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

“Dövlətin bizə ayırdığı torpaq zəbt olunur” Vətəndaşlar 5 aydır gözləyir

YENİGÜN.MEDİAREKLAM728 × 90

“Beş aydır ki, gözümüzün qarşısında dövlətin biz kəndlilər üçün ayırdığı örüş sahələri zəbt edilir, amma məsul qurumlar susur. Əraziyə baxış keçirilib, qanunsuzluq təsdiqlənib, lakin bu günə qədər heç bir tədbir görülməyib”.

Bu şikayətlə “Qafqazinfo”ya Göygöl rayonunun Mollacəlilli kənd sakini Babək Əliyev müraciət edib.

Vətəndaşın sözlərinə görə, kənddə heyvanların otarılması üçün nəzərdə tutulan örüş sahələrinin bir hissəsində bəzi şəxslər tərəfindən arpa, buğda və xüsusilə çoxillik yonca əkilib: “Bu örüş yerləri kəndin bəzi sakinləri tərəfindən qanunsuz, özbaşına və heç bir hüquqi sənəd olmadan ticarət məqsədilə zəbt olunub. Dövlətin kəndlilər üçün ayırdığı xüsusi təyinatlı örüş və otlaq sahələrindən digər heyvanı olan şəxslər istifadə edə bilmir”.

Şikayətçi bildirib ki, arpa və buğda sahələri mövsüm başa çatdığı üçün hazırda yoxdur, lakin örüş sahəsinin böyük hissəsini əhatə edən yonca sahələri, xüsusilə də hasarlanmış ərazilər hələ də qalır, bu isə vəziyyəti daha da dözülməz edir.

B.Əliyevin iddiasına görə, məsələ ilə bağlı Göygöl bələdiyyəsinin sədri Oktay Məsimova bir neçə dəfə müraciət etsə də, nəticəsiz qalıb: “Bu ilin aprel ayında bir neçə dəfə müraciət etdim. Çoxsaylı tələblərimdən sonra bələdiyyə sədrinin müavini Araz Abbasov və Mollacəlilli kəndi üzrə icra nümayəndəsi Qabil Məmmədovun iştirakı ilə əraziyə baxış keçirildi. Örüş sahəsinin qanunsuz zəbt olunması rəsmilər tərəfindən təsdiqləndi. Tam beş ay müddət keçib, ancaq Göygöl bələdiyyəsi tərəfindən bu günə qədər heç bir ciddi, real və hüquqi tədbir görülməyib. Dəfələrlə məsələnin aqibəti barədə soruşanda Oktay Məsimov tamamilə gülünc dolu, heç bir məntiqə sığmayan uydurma bəhanələr gətirir, açıq-aşkar problemin həllini yubadır. Acınacaqlısı budur ki, Oktay Məsimov bütün bu qanunsuzluğu bilə-bilə səssiz qalır və heç bir tədbir görmür, yaxud da görmək istəmir”.

Sözügedən şikayətlə bağlı Göygöl Bələdiyyəsindən müraciətimizə cavab olaraq bildirilib ki, Mollacəlilli kənd sakininin heyvanlar üçün nəzərdə tutulmuş örüş və otlaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən zəbt edilərək əkin üçün istifadə edilməsi barədə müraciəti əsasında bələdiyyə nümayəndələrinin iştirakı ilə əraziyə yerində baxış keçirilib:

“Baxış zamanı ərazidə mövcud vəziyyət araşdırılıb, həmçinin məsələ ilə bağlı Göygöl Bələdiyyəsi tərəfindən həmin ərazidən öncəki illərdə istifadə edən 18 nəfər vətəndaşa xəbərdarlıq edilib və bildirişlər təqdim olunub. Aparılmış baxış zamanı qeyd olunan örüş və otlaq sahələrində hazırda yeni əkin işlərinin aparılmadığı müəyyən edilib.  Belə ki, həmin ərazilərdə arpa, buğda və digər kənd təsərrüfatı  bitkilərinin əkilməsi faktı müşahidə olunmayıb. Eyni zamanda müraciətdə qaldırılan məsələnin  nəzarətdə saxlanılması, gələcəkdə həmin ərazilərdə qanunsuz əkin işlərinin aparılmasının qarşısının alınması və örüş və otlaq sahələrindən təyinatı üzrə istifadə olunmasının təmin edilməsi Göygöl Bələdiyyəsi tərəfindən nəzarətə götürülüb”.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600