Əsas məzmuna keç
03 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Əziz Ələkbərli general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı paylaşım etdi

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycanın dövlət və hərbi idarəçilik tarixində mühüm xidmətləri ilə seçilən general-mayor Abbasəli Novruzov vəfat edib.

Yenigun.media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli paylaşım edib.

Əziz Ələkbərli bildirib ki, Azərbaycan SSR-in əməkdar hüquqşünası, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışmış Abbasəli Ramazan oğlu Novruzov 16 avqust 2026-cı ildə dünyasını dəyişib.

1937-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Zeytə kəndində anadan olan Abbasəli Novruzov 1949-cu ildə ailəsi ilə birlikdə doğma yurdundan deportasiya edilərək Sabirabad rayonunun Şıx Salahlı kəndinə köçürülüb.

Uzun illər sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında xidmət edən Abbasəli Novruzov sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlib. O, kəşfiyyatçı, hərbi tərcüməçi və hüquqşünas kimi fəaliyyət göstərib, Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinədək irəliləyib, Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir kimi çalışıb.

1994–2001-ci illərdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsində fəaliyyət göstərən Abbasəli Novruzov müstəqil Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsinin formalaşdırılmasına mühüm töhfələr verib.

Onun rəhbərliyi dövründə sərhəd dəstələrinin yaradılması, sərhəd infrastrukturunun və maddi-texniki bazanın gücləndirilməsi, peşəkar kadrların hazırlanması və dövlət sərhədinin mühafizəsinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Əziz Ələkbərli paylaşımında mərhum generalın Azərbaycan dövlətçiliyinə və sərhəd mühafizəsinə xidmətlərini xüsusi qeyd edərək onun vəfatını ağır itki kimi qiymətləndirib.

Abbasəli Novruzov müxtəlif dövlət təltiflərinə, o cümlədən “Azərbaycan Bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb.

Qərbi Azərbaycan İcmasının sədri mərhumun doğmalarına, yaxınlarına, silahdaşlarına və bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Yenigun.media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600