Əsas məzmuna keç
03 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Fatma Yıldırım: “SABAH.city” Azərbaycanın innovasiya potensialının inkişafına mühüm töhfə verəcək

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm, təhsil, innovasiya və yüksək texnologiyaların inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.

Milli Məclisin deputatı Fatma Yıldırım Yenigun.Media-ya açıqlamasında sentyabrın 14-də Prezident İlham Əliyevin Bakıda “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirakını bu istiqamətdə həyata keçirilən siyasətin növbəti mühüm göstəricisi kimi qiymətləndirib.

Deputat bildirib ki, müasir dünyada ölkələrin gələcək inkişafı, ilk növbədə, onların elmi potensialı, innovasiya imkanları və insan kapitalı ilə müəyyən olunur.

“Prezident İlham Əliyev Azərbaycanda müasir və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasında elm və təhsilin, rəqəmsal texnologiyaların və innovasiyaların rolunu daim önə çəkir. “SABAH.city” layihəsi də dövlət başçısının bu strateji baxışının praktiki ifadəsidir.

Burada universitetlərin, tələbələrin, alimlərin, texnologiya şirkətlərinin, startapların və tədqiqat mərkəzlərinin vahid innovasiya mühitində bir araya gətirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Xüsusilə sevindirici haldır ki, layihə gənclərin müasir texnologiyalarla işləməsinə, praktiki biliklər qazanmasına və innovativ ideyalarını reallaşdırmasına geniş imkanlar yaradır.

Çünki güclü dövlətin ən böyük sərvətlərindən biri savadlı, vətənpərvər, müasir düşüncəli və innovativ gənclərdir”, – deyə Fatma Yıldırım vurğulayıb.

Deputat qeyd edib ki, “SABAH.city” innovasiya şəhərciyində süni intellekt, robototexnika, kibertəhlükəsizlik, biotexnologiya, nanofizika və digər müasir elmi-texnoloji istiqamətlər üzrə fəaliyyətin həyata keçirilməsi Azərbaycanın gələcəyə hazırlığının mühüm göstəricisidir.

Fatma Yıldırım şəhərcikdə ASAN Süni İntellekt Mərkəzinin fəaliyyət göstərməsini də xüsusi əhəmiyyətli hadisə kimi qiymətləndirib:

“Süni intellekt artıq dünyanın inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə qabaqcıl təşəbbüslərlə çıxış etməsi və dövlət xidmətlərinin daha çevik, əlçatan və innovativ formada təşkilində süni intellekt imkanlarından istifadə etməsi ölkəmizin rəqəmsal transformasiya yolunda inamlı addımlar atdığını göstərir”.

Deputatın sözlərinə görə, Azərbaycanın məqsədi yalnız yeni texnologiyalardan istifadə edən ölkəyə çevrilmək deyil, həm də yeni texnologiyalar yaradan və innovativ həllər hazırlayan dövlət olmaqdır.

“Əminəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin elmə, təhsilə, innovasiyaya və insan kapitalının inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan qarşıdakı illərdə yüksək texnologiyalar sahəsində daha böyük uğurlara imza atacaq”, – deyə Fatma Yıldırım açıqlamasında bildirib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600