Bu gün Azərbaycan tarixinin ən mühüm və şanlı günlərindən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı tarixi Zəfər 30 illik işğala son qoydu.
Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə iqtisadiyyatın formalaşdırılması və reinteqrasiya prosesi intensiv şəkildə davam etdirilir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində uzun müddət işğal altında qalmış və tamamilə dağıdılmış ərazilərimiz yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. İndiyədək bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb.
Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı 6 dəfə böyüyüb. Artıq həmin iqtisadi rayonlarda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 10 milyard manatdan çoxdur. Qarabağ Azərbaycanın yeni iqtisadi drayverinə çevrilməkdədir. Bu, eyni zamanda, ölkə iqtisadiyyatının dayanıqlığının və diversifikasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bayramınız mübarək!
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa, cansağlığı və uzun ömür diləyirik!
Vüqar Bayramov
Milli Məclisin deputatı

