Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümünü böyük qürur və ehtiram hissi ilə qeyd edirik.
Azərbaycanın sərhədlərinin qorunması yalnız hərbi xidmət deyil, dövlətçiliyə, Vətənə və xalqa sədaqətin ən ali nümunələrindən biridir. Sərhədçi olmaq Vətənin ən ucqar nöqtəsində Azərbaycan bayrağını qorumaq, dövlət sərhədinin hər qarışına sahib çıxmaq və gecə-gündüz ölkənin təhlükəsizliyi naminə xidmət etmək deməkdir.
107 il əvvəl əsası qoyulan Azərbaycan Sərhəd Mühafizəsi ötən əsrdən bu günə qədər mürəkkəb və şərəfli inkişaf yolu keçib. Bu tarix Azərbaycanın dövlətçilik tarixinin, milli təhlükəsizlik salnaməsinin və Vətənə xidmət ənənələrinin mühüm səhifələrindən biridir.
Bu gün Azərbaycan sərhədçiləri dövlət sərhədimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı, müasir texnologiyalardan, innovativ idarəetmə üsullarından və qabaqcıl sərhəd təhlükəsizliyi sistemlərindən istifadə edirlər. Sərhədlərimizin möhkəmləndirilməsi Azərbaycanın təhlükəsizliyinin və suverenliyinin əsas təminatlarından biridir.
Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın dövlət sərhədinin böyük hissəsinin bərpa edilmiş ərazilərdən keçməsi sərhədçilərimizin üzərinə daha böyük məsuliyyət qoyub. Bu gün üçrəngli bayrağımızın dalğalandığı hər sərhəd zastavasında Azərbaycan dövlətinin gücü və iradəsi görünür.
Mənim üçün bu əlamətdar günün ən böyük mənası Azərbaycan sərhədçisinin fədakarlığına verilən qiymətdir. Çünki sərhədçi ailəsindən, doğmalarından, rahatlığından uzaqda, bəzən ən çətin iqlim və coğrafi şəraitdə Vətənin keşiyini çəkir. Onun xidmətinin nəticəsi isə hər birimizin gündəlik həyatında hiss etdiyimiz təhlükəsizlikdir.
Azərbaycan Sərhəd Mühafizəsinin 107 illik tarixi həm də qəhrəmanlıq tarixidir. Dövlət sərhədinin qorunması uğrunda canından keçən şəhid sərhədçilərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün Vətənə sədaqətin ən böyük örnəklərindən biridir.
Bu əlamətdar gündə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini, sərhədçi veteranlarını, şəhid sərhədçilərimizin ailələrini və bütün sərhədçi ailələrini səmimi-qəlbdən təbrik edirəm.
Arzu edirəm ki, Azərbaycan sərhədləri hər zaman möhkəm, dövlətimiz daim qüdrətli, üçrəngli bayrağımız isə sərhədlərimizin hər nöqtəsində əbədi dalğalansın.
107 il – şərəf, sədaqət və Vətənə xidmət yolu!
Yaşasın Azərbaycan sərhədçisi!
Yaşasın müstəqil Azərbaycan!
Yenigun.Media olaraq bütün Azərbaycan sərhədçilərini peşə bayramı münasibətilə təbrik edir, şərəfli xidmətlərində uğurlar arzulayır!
Təbriz Məhərrəmoğlu
Yenigun.Media-nın rəhbəri

