Dünən Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilib.
Yenigun.Media xəbər verir ki, bu barədə məlumatı tanınmış memar Elçin Əliyev məlumat paylaşıb. Memar güman edir ki, bu, ölkənin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xəbəri ilə baş verib:
“Hər gün öz mənzillərində təmir işləri aparan vətəndaşların axtarışında şəhəri dolaşan onlarla xidmət əməkdaşının mövcudluğu şəraitində şəhərin düz mərkəzində baş verən belə bir vandalizmi görməmək, demək olar ki, mümkün deyil.
Son bir il ərzində tariximizi şüşə ilə əvəz etmək üçün artıq ikinci cəhddir!
Əvvəlki cəhd zamanı mənə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri vasitəsilə susmağım müqabilində xeyli məbləğdə rüşvət təklif edilmişdi! Təbii ki, imtina etdim.
Başqa cür ola da bilməzdi! Bu çirkin oyunlarda kimlərin iştirak etdiyini də bilirəm. Təəssüf ki, onların arasında tanışlarım da var idi.
Odur ki, birbaşa obyektin sahiblərinə müraciət edirəm: özünüzü biabır etməyin və tarixi qapını öz qanuni yerinə qaytarın!
Şəhərimizin tarixi üzərində qərar verməyə haqqınız yoxdur!
Ölkənin mədəniyyət naziri Adil müəllim Kərimli baş verənlərdən xəbərdardır və məsələni araşdıracağına söz verib”.
Gülşən Rəsul



