Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: 30 illik həsrətin Zəfərlə bitdiyi gün

Erməni işğalı uzun illər bizi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə həsrət qoydu. Düşmən bu şəhərləri özününki elan edəndə, minillik tarixi olan abidələrimizi məhv edəndə, xalqımıza həqarət edəndə bu əzabın, dərd-qəmin, qəm-qüssənin sonu nə vaxt bitəcək sualına cavab tapmaqda çətinlik çəkirdik, amma ümidimizi kəsmirdik. Ümummilli lider hər dəfə qaçqın və köçkünlərlə görüşündə onları əmin edirdi ki, bu işğal müvəqqətidir, biz torpaqlarımızı düşmən əsarətindən azad edəcəyik. Heç kimin buna şübhəsi olmasın. İllər keçirdi, ədalətsiz Qərb və Qərbin bizə yük etdiyi xəyanətkar ATƏT-in Minsk qrupu bütün fəaliyyəti dövründə Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək üçün dəridən-qabıqdan çıxırdı. Nə yaxşı ki, 44 günlük Vətən Müharibəsindən sonra Qarabağın fatehi, Ali Baş Komandan Minsk qrupunun həmsədrlərinin ayağını Azərbaycandan kəsdi, onların torpağımıza gəlişini qadağan etdi. Çünki onların Azərbaycan torpaqlarına qədəm basmağa haqqı yox idi.

44 günlük Vətən Müharibəsi bütün çətinliklərə, təhdidlərə və təzyiqlərə baxmayaraq, Azərbaycanın qələbəsi ilə başa çatdı. Halbuki Ermənistan müharibəyə qədər bizi yeni torpaqların işğalı ilə hədələyir, havadarlarından hər cür silah almağı ilə öyünürdü. Daha nələr, nələr…
Düşmən bir şeyi anlamırdı ki, 2003-cü ildə hakimiyyətə gələn İlham Əliyev ümummilli lider Heydər Əliyev məktəbinin ən uğurlu, ən qəyiyyətli və mübariz davamçısıdır. Azərbaycan 90-cı illərin əvvəllərinin Azərbaycanı deyil. “Əsrin Müqaviləsi” güclü iqtisadiyyatın yadadılması və ən müasir silahları əldə etmək üçün Azərbaycana hər cür şans vermişdir. Güclü ordu, güclü iqtisadiyyat, xalq- iqtidar birliyi və problemin tarixi tərəflərinin dünyaya çatdırılması Azərbaycana imkan verdi ki, Vətənin bir parçası olan Qarabağı geri alsın. Belə də oldu.
Qarabağ düşmən işğalından azad edildi. 30 il ərzində düşmən bu torpaqlarda hər şeyi məhv etmiş, şəhər və kəndləri xarabalığa çevirmişdi. Beş ildir ki, Qarabağda gecə-gündüz bərpa-quruculuq işləri gedir. Artıq 50 minə qədər sakin öz doğma yurduna qayıtmış, dinc quruculuq işləri ilə məşğuldur.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
2023-cü ilin sentyabrında Xankəndi bir günlük antiterror əməliyyatı nəticəsində düşmən qüvvələrindən azad olundu. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən Müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. 1923-cü ildə Xankəndi erməni separatçılarının əlinə keçdi. 70 illik sovet dönəmində bu şəhər rəsmi statusu ilə Azərbaycan SSR-in şəhəri sayılsa da, amma Azərbaycana qarşı separatçı meyllər, türk millətinə nifrət, Ermənistana birləşmək hərəkatı ilə yaddaşlarda qaldı. Ona görə də antiterror əməliyyatına qədər bu şəhər erməni düşüncəsinə xidmət edən, azərbaycanlılara nifrət ruhunda təbliğata üstünlük verən, hər cür yüksək statusdan imtina edən bir “paytaxt” kimi təbliğ olunurdu. Amma erməniyə sual vermək lazım idi, Qarabağ xanlığı mövcud olan dövrdə siz hansı yurdun sahibi idiniz? Qarabağ xanı İbrahim Xəlil xanla hansı şərikli torpağınız var idi? Yox idi. Ona görə ki, siz hələ Qarabağda məskunlaşmamışdınız. Çar Rusiyası sizi təzə vətən adlandırılan Qarabağa köçürməmişdi. Bəs onda Xankəndi sizin şəhəriniz necə ola bilərdi? Xankəndi sözü məlum ifadədir. Bəs uzun illər sizin işlətdiyiniz adın Xankəndiyə nə dəxli var?
Xocalı Azərbaycan tarixində qədim mədəniyyət sahəsidir. Min illər boyu bu mədəniyyət yaranmış və geniş bir arealı əhatə etmişdir. Azərbaycan arxeoloqları Xocalı mədəniyyəti ilə bağlı böyük tədqiqat əsərləri yazmışlar. Çox təəssüflər olsun ki, erməni millətçiləri uzun illər Xocalı ilə bağlı elmi həqiqətdən uzaq, erməni marağına xidmət edən “əsərlər” yazdılar. Bu əsərlərin nəticəsi olaraq 1992-ci ilin fevralında erməni hərbi birləşmələri və rus hərbi hissəsinin əsgərləri tərəfindən əsrin dəhşətli qırğını baş verdi. Bir tərəfdə əliyalın azərbaycanlılar, o biri tərəfdə hər cür silaha malik ordu. Gecə Xocalıya hücuma keçən bu ordu mülki əhaliyə qarşı soyqırım həyata keçirdilər.
2023-cü ildə Xocalı azad olundu. Əhali burada məskunlaşır, həyat canlanır. İllər keçəcək, Xocalı dünyanın ən gözəl şəhərləri ilə rəqabət apara biləcək səviyyədə diqqəti cəlb edəcək. Amma Xocalı soyqırımı heç vaxt unudulmayacaq.
Xocavənd rayonu 1991-ci ilin noyabrında təşkil edilib. Qarabağ iqtisadi rayonuna daxildir. 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında Xocavənd rayonu yaradılmışdır. Rayon mərkəzi 1992-ci ilin oktyabrında işğal olunmuşdu.
2023-cü il sentyabrın 20-də antiterror əməliyyatı nəticəsində Xocavənd düşmən qüvvələrindən azad edilmişdir. Dünya şöhrətli, ən qədim insan məskənlərindən olan Azıx mağarası Xocavənd ərazisində yerləşir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Ağdərə rayonu uzun illər Mardakert adı ilə tanınmış və Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmuş və 1992-ci ilin oktyabrında ləğv olunmuşdur. 5 dekabr 2023-cü ildə Ağdam, Tərtər və Kərbəcər rayonlarından ayrılaraq yenidən müstəqil rayona çevrilmişdir.
19-20 sentyabr 2023-cü ildə Azərbaycan Silahlı qüvvələrinin lokal antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri və digər məntəqələr Azərbaycanın nəzarətinə qayıtmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
İllər keçəcək, Qarabağ dünyanın cənnət bölgəsinə çevriləcək. Buna heç kimin şübhəsi olmasın. Amma Dövlət başçısı İlham Əliyevin dediyi kimi, “ ermənilərin azərbaycanlılara qarşı törətdiklərini heç vaxt yaddan çıxarmayacağıq.”

Anar İsgəndərov

Milli Məclisin deputatı