Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

2027-ci ilin büdcəsi ilə bağlı diqqətçəkən açıqlama: “Əsas məsələ xərclərin artırılması deyil”

2027-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Büdcə parametrləri göstərir ki, qarşıdakı il üçün əsas diqqət yalnız xərclərin həcminə deyil, gəlirlərin strukturuna və qeyri-neft sektorunun rolunun artırılmasına yönəlib.

Bu barədə Yenigun.Media-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli qeyd edib.

Ekspert bildirib ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39,234 milyard manat, xərclərinin isə 42,4 milyard manat olacağı proqnozlaşdırılır. Büdcə kəsirinin 3,166 milyard manat və ya proqnozlaşdırılan ÜDM-in 2,2 faizi səviyyəsində olması gözlənilir. Gəlirlərin 2026-cı ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 1,6 faiz, xərclərin isə 1,7 faiz artacağı nəzərdə tutulur.

“Fikrimcə, burada daha vacib göstəricilərdən biri büdcə gəlirlərinin strukturudur. 2027-ci ildə gəlirlərin 23,754 milyard manatının, yəni 60,5 faizinin qeyri-neft-qaz sektorunun, 15,48 milyard manatının və ya 39,5 faizinin isə neft-qaz sektorunun hesabına formalaşması nəzərdə tutulur.

Bu göstərici dövlət maliyyəsinin qeyri-neft mənbələrinə əsaslanmasının gücləndirilməsi baxımından diqqətçəkəndir. Əgər qeyri-neft sektorundan daxilolmaların artımı davamlı xarakter alarsa, bu, gələcək illərdə neft gəlirlərindən asılılığın daha da azalmasına şərait yarada bilər”, – deyə Eyyub Kərimli vurğulayıb.

Ekspert Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin də diqqət çəkən məqam olduğunu bildirib.

Onun sözlərinə görə, 2027-ci ildə Dövlət Neft Fondundan büdcəyə 11,9 milyard manat transfert nəzərdə tutulur ki, bu da dövlət büdcəsi gəlirlərinin 30,3 faizinə bərabərdir. Bu məbləğ 2026-cı ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 7,3 faiz azdır.

“Büdcə hesablamalarında neftin bir barelinin qiymətinin 65 ABŞ dolları səviyyəsində götürülməsi də diqqət çəkir. Bu göstərici 2026-cı il üçün müəyyən edilmiş büdcə qiyməti ilə eynidir. Bu yanaşma büdcə planlaşdırılmasında müəyyən ehtiyatlılığın qorunduğunu göstərir”, – ekspert qeyd edib.

Eyyub Kərimli bildirib ki, 2027-ci ilin xərc siyasətində iqtisadi artımın dəstəklənməsi, sahibkarlığın və yerli istehsalın inkişafı, müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması, sosial müdafiə, rəqəmsallaşma, süni intellekt və yaşıl enerji kimi istiqamətlər xüsusi əhəmiyyət daşıyır.

“Burada əsas məsələ büdcənin nominal olaraq nə qədər böyük olması deyil. Daha vacib sual hər bir büdcə manatının iqtisadiyyatda hansı nəticəni yaratmasıdır. Xərclərin iqtisadi artıma, məhsuldarlığa, yeni iş yerlərinin yaranmasına, yerli istehsalın genişlənməsinə və əlavə dəyərin formalaşmasına təsiri əsas qiymətləndirmə meyarlarından biri olmalıdır.

Xüsusilə qeyri-neft-qaz sektorundan daxilolmaların artırılması uzunmüddətli fiskal dayanıqlılıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan 2027-ci ilin büdcəsinin əsas çağırışlarından biri qeyri-neft iqtisadiyyatının yaratdığı dəyərin və onun büdcəyə töhfəsinin artırılmasıdır”, – deyə iqtisadçı ekspert əlavə edib.

Ekspertin fikrincə, 2027-ci il büdcəsinin əsas mesajı xərclərin sadəcə artırılması deyil, dövlət vəsaitlərinin daha yüksək iqtisadi səmərə yaratması və gəlir bazasının şaxələndirilməsidir.

“Büdcənin böyüklüyündən daha vacib məsələ onun iqtisadiyyatda hansı nəticəni yaratmasıdır”, – Eyyub Kərimli bildirib.