Bir ölkəni dünyaya tanıdan yalnız onun tarixi və təbiəti deyil, həmin ölkəni qonaqlarına necə təqdim etməsidir. Azərbaycanın zəngin turizm potensialının tanıdılmasında, ölkəmizə gələn qonaqlarda xoş təəssürat yaradılmasında və turizm sənayesinin inkişafında bu sahənin fədakar əməkdaşlarının mühüm əməyi var.
Bu əlamətdar gün münasibətilə başda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev olmaqla, Agentlikdə çalışan bütün dostlarımızı və Azərbaycanın turizm sektorunda fəaliyyət göstərən hər bir əməkdaşı səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, milli mətbəxi, bənzərsiz təbiəti və ənənəvi qonaqpərvərliyi ölkəmizə böyük turizm imkanları qazandırır. Bu imkanların düzgün təqdim olunması və beynəlxalq aləmdə Azərbaycanın turizm ölkəsi kimi tanıdılması isə peşəkar insanların əməyindən keçir.
Bu gün turizm yalnız istirahət və səyahət sektoru deyil. O, eyni zamanda Azərbaycanın dünyaya açılan mühüm qapılarından biri, regionların inkişafına, yeni iş yerlərinin yaranmasına və ölkəmizin beynəlxalq tanıtımına töhfə verən vacib sahədir.
Əminəm ki, Azərbaycan turizmi qarşıdakı dövrdə də yeni uğurlara imza atacaq, ölkəmizin müxtəlif bölgələrinin turizm imkanları daha geniş şəkildə tanıdılacaq.
Başda Fuad Nağıyev olmaqla, bütün turizm işçilərinə möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar, yeni layihələr və böyük nailiyyətlər arzulayıram.
Əməyiniz və peşəkarlığınız daim dəyərləndirilsin. Peşə bayramınız mübarək!
Təbriz Məhərrəmoğlu
Yenigun.Media saytının təsisçisi və baş redaktoru

