Yenigun.Media xəbər verir ki, noyabrın 27-də, cümə günü TRT Avaz telekanalında yayımlanacaq yeni musiqi proqramının ilk buraxılışının qonağı məhz Almaxanım Əhmədli olacaq. Bir neçə ay əvvəl lentə alınmış proqramda sənətçi türk musiqiçilərindən ibarət orkestrin müşayiəti ilə çıxış edir. Onu Türkiyənin konservatoriyalarının professorları və peşəkar musiqiçiləri müşayiət edirlər.
Proqramda Almaxanımın ifaçılıq məharəti, milli musiqi ənənələrimizə bağlılığı, Azərbaycan muğamına və xalq musiqisinə özünəməxsus münasibəti nümayiş olunur.
Almaxanım Əhmədlinin TRT Avaz-ın yeni musiqi layihəsinin ilk qonağı seçilməsi Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması baxımından əlamətdar hadisədir. Bu, eyni zamanda, gənc sənətçinin yaradıcılığına və ifaçılıq potensialına göstərilən yüksək etimadın ifadəsidir.
Xatırladaq ki, Almaxanım Əhmədli Azərbaycan Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solistidir. O, müxtəlif beynəlxalq konsert layihələrində uğurla iştirak edib, Azərbaycan musiqisini xarici ölkələrdə layiqincə təmsil edib.
Gənc sənətçinin TRT Avaz layihəsində iştirakı Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin, xüsusilə musiqi sahəsində yaradıcı əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.
Almaxanım Əhmədlinin yeni televiziya çıxışı Azərbaycan musiqisinin səsinin qardaş Türkiyədən Türk dünyasına yayılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sənət hadisəsi həm də Azərbaycan musiqi mədəniyyətinin zənginliyinin və gənc ifaçılarımızın beynəlxalq səviyyədə qazandığı uğurların növbəti təzahürüdür.
Almaxanım Əhmədli TRT Avaz-da – Türkiyə teleməkanında yeni musiqi layihəsinin ilk qonağı azərbaycanlı sənətçi oldu

Azərbaycanın istedadlı xanəndəsi və müğənnisi Almaxanım Əhmədli Türkiyə teleməkanında növbəti uğuruna imza atır.




