Qobustan rayonunda yerləşən, Azərbaycanın ən diqqətçəkən tarixi-memarlıq abidələrindən biri olan “Diri Baba” türbəsinə mediatur təşkil olunub.
Yenigun.Media xəbər verir ki, mediatur Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə baş tutub və yerli media nümayəndələri abidə ilə yaxından tanış olublar.
“Diri Baba” türbə-kompleksinin rəhbəri Yusif Nazim Ərəbsoy jurnalistlərə açıqlamasında abidənin tarixi, memarlıq xüsusiyyətləri və turizm əhəmiyyəti barədə məlumat verib.
Onun sözlərinə görə, dövlət mühafizəsində olan ölkə əhəmiyyətli memarlıq abidəsi Bakı-Şamaxı magistral yolundan təxminən 1,5 kilometr məsafədə yerləşir və Azərbaycanın şimal-qərb turizm dəhlizinin mühüm dayanacaqlarından biri hesab olunur.
Türbənin kitabəsindəki məlumatlara əsasən, abidə 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin hakimiyyəti dövründə inşa edilib. Abidənin daxilində “Ustad bin Hacı” yazısının olduğu da bildirilir.
Tarixi mənbələrə görə, burada naməlum sufi şeyxlərindən birinin məzarı yerləşir. Bu səbəbdən “Diri Baba” əsrlərdir yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi qəbul olunur.
Abidə yalnız Azərbaycan səyyahlarının deyil, müxtəlif dövrlərdə ölkəyə gələn avropalı diplomat və səyyahların da diqqətini çəkib. XVII əsrdə Adam Oleari və Osmanlı səyyahı Övliya Çələbi, XVIII əsrin əvvəllərində isə Cornelius de Bruyn “Diri Baba”nı ziyarət edən səyyahlar sırasında yer alıb. Onların hazırladığı qravürlər abidənin əvvəlki görünüşü barədə mühüm tarixi mənbələr hesab olunur.
“Diri Baba” türbəsinin ən maraqlı xüsusiyyətlərindən biri isə onun təbii qaya relyefi ilə vəhdət təşkil etməsidir. Tikilinin bir hissəsi qayanın daxilində təbii oyma nəticəsində yaranmış oyuqda yerləşir.
Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıqla yanaşı, süni şəkildə yaradılmış mağara və kahaların da olduğu bildirilir. Qayalıqlar, dərəyə bənzər təbii relyef və tarixi tikililər burada özünəməxsus mədəni landşaft formalaşdırır.
Mütəxəssislər hesab edirlər ki, “Diri Baba” türbəsi həm Şirvan memarlıq məktəbinin nadir nümunələrindən biri, həm də orta əsrlər Şirvan bölgəsinin sufi ənənələrinin öyrənilməsi baxımından mühüm tarixi irs nümunəsidir.
Abidənin yerləşdiyi ərazinin tarixi və təbii xüsusiyyətləri onun turistlər üçün cəlbediciliyini daha da artırır.


