Keniyada turistlərin olduğu helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həyatını itirib. Ölənlər arasında 5 ABŞ vətəndaşı, həmçinin Ekvadorun kəşfiyyat rəhbəri Michele Sensi-Contugi və onun həyat yoldaşı da olub.
Yenigun.Media Reuters-ə istinadən xəbər verir ki, hadisə avqustun 19-da Keniyanın Samburu dairəsində baş verib.
Məlumata görə, helikopter Keniyanın şimalındakı məşhur vəhşi təbiət qoruqlarından biri olan Loisaba Conservancy ərazisinə uçarkən qəzaya uğrayıb.
Helikopterdə 6 sərnişin və 1 pilot olmaqla ümumilikdə 7 nəfər olub. Onların hamısı qəza nəticəsində ölüb.
Ekvador Prezident Administrasiyası ölkənin kəşfiyyat rəhbəri Michele Sensi-Contugi və onun ABŞ vətəndaşı olan həyat yoldaşı Stephany Hollihanın da qəza zamanı öldüyünü təsdiqləyib.
ABŞ Dövlət Departamenti isə ölənlər arasında beş ABŞ vətəndaşının olduğunu açıqlayıb. Bildirilib ki, ABŞ-ın Keniyadakı səfirliyi yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır və ölənlərin yaxınlarına konsulluq yardımı göstərir.
Turist səfərini təşkil edən &Beyond şirkəti qəzanın səbəbinin hələ müəyyənləşdirilmədiyini bildirib.
Kenya Qırmızı Xaçının məlumatına görə, qəza yerində axtarış və meyitlərin çıxarılması işləri ərazinin çətin relyefi və baş vermiş yanğın səbəbindən çətinləşib.
Qəzanın dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Yenigun.Media

