Əsas məzmuna keç
24 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Siyasət

Azərbaycan–Özbəkistan investisiya əməkdaşlığı yeni mərhələdə: 15-dən çox layihə diqqətdə

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın yeni istiqamətlərini bir daha gündəmə gətirib. Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız siyasi və diplomatik müstəvidə deyil, iqtisadiyyat, investisiya və birgə biznes layihələri istiqamətində də sürətlə dərinləşir.

Yenigun.Media xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin əsas xüsusiyyətlərindən biri qarşılıqlı investisiyaların həcminin və əhatə dairəsinin genişlənməsidir:

“Üç il əvvəl 500 milyon dollar ümumi kapitalla yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu əməkdaşlığın institusional əsaslarından birinə çevrilib. Şirkətin fəaliyyəti göstərir ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi tərəfdaşlıq artıq ənənəvi ticarət münasibətlərindən daha geniş məzmun daşıyır”.

Vüqar Bayramov qeyd edib ki, investisiya şirkəti bizneslərin böyüməsinə, yeni bazarlara çıxışına və yüksək əlavə dəyər yaradan layihələrin reallaşdırılmasına dəstək verir. Layihələr üzrə investisiya məbləği 25 milyon dollaradək dəyişir.

Deputatın bildirdiyinə görə, investisiya siyasətində həm sabit tələbatı olan sahələrə, həm də yüksək inkişaf potensialına malik yeni sektorlara üstünlük verilir. Hazırda əsas istiqamətlər sırasında təhsil, metal emalı, farmasevtika, bio-sənaye, fintex və informasiya texnologiyaları yer alır.

“Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti iqtisadiyyatın müxtəlif strateji istiqamətlərində ümumi dəyəri təxminən 360 milyon dollar olan 15-dən çox birgə layihənin maliyyələşdirilməsi və təhlilində iştirak edir. Bu, əməkdaşlığın miqyasını və gələcək potensialını göstərən mühüm göstəricidir”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə əsasən, layihələrdən biri Özbəkistanda faydalı qazıntıların və qızıl yataqlarının birgə kəşfiyyatı və işlənməsi ilə bağlıdır. Bu istiqamətdə Azərbaycanın “AzerGold” QSC və Özbəkistanın “Uzbekgeologorazvedka” ASC ilə birgə müəssisənin yaradılması layihəsinə dəstək göstərilir.

Təhsil sahəsində isə Daşkənddə fəaliyyət göstərən Amerika Texnologiya Universitetinin maddi-texniki bazasının və infrastrukturunun inkişafına 2 milyon dollar sərmayə yönəldilib. Universitetin beynəlxalq tərəfdaşlıqları çərçivəsində həyata keçirilən bu layihə Özbəkistanda müasir ali təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.

Vüqar Bayramov bildirib ki, sənaye və istehsalat istiqamətində də bir neçə mühüm layihə maliyyələşdirilir. Bu layihələr arasında daxili bazarın tələbatını ödəyən, idxalı əvəz edən və eyni zamanda ixrac imkanları yaradan yüksək texnologiyalı istehsal xətləri xüsusi əhəmiyyət daşıyır.

Deputat əlavə edib ki, maliyyə texnologiyaları sektorunda həyata keçirilən layihələr də Azərbaycan və Özbəkistanın rəqəmsal maliyyə ekosistemlərinin inkişafına və innovativ həllərin tətbiqinə imkan yaradır.

“Əslində, bu layihələrə ayrı-ayrı investisiyalar kimi deyil, iki ölkənin iqtisadi sistemlərinin bir-birinə daha sıx inteqrasiyasının elementləri kimi baxmaq lazımdır. Sərmayələrin müxtəlif sahələrə yönəldilməsi həm Azərbaycan, həm də Özbəkistan biznesinin yeni imkanlar əldə etməsinə, istehsal və ixrac potensialının artmasına şərait yaradır. Bu proses uzunmüddətli perspektivdə iki ölkə arasında iqtisadi bağların daha da möhkəmlənməsinə xidmət edəcək”, – deyə Vüqar Bayramov bildirib.

Deputatın fikrincə, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində iqtisadi və investisiya əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi qarşıdakı dövrdə birgə layihələrin sayının və həcminin daha da artmasına zəmin yarada bilər.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600