Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fatma Yıldırım: “Azərbaycan sülh və əməkdaşlıq gündəliyini formalaşdıran güclü dövlət kimi çıxış edir”

Milli Məclisin deputatı Fatma Yıldırım Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyevin çıxışını yüksək qiymətləndirib.

Deputat Yenigun.Media-ya açıqlamasında bildirib ki, dövlət başçısının çıxışı Azərbaycanın regional və beynəlxalq müstəvidə artan rolunu, sülh siyasətini və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirib.

Fatma Yıldırım Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırda yüksək inkişaf dinamikası ilə xarakterizə olunduğunu qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Qırğızıstanın sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi ilə bağlı fikirləri iki qardaş xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin strateji xarakterini ortaya qoyur.

Fatma Yıldırım Prezident İlham Əliyevin çıxışında Cənubi Qafqazda yaranmış yeni reallıqlara xüsusi diqqət yetirilməsini də mühüm hesab edib.

“Otuz ilə yaxın davam edən münaqişədən sonra Cənubi Qafqazın qarşıdurma məkanından sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün real imkanlar yaranıb. Azərbaycan bu gün regionda yalnız sülhdən danışan deyil, həm də sülhün praktiki əsaslarını formalaşdıran dövlətdir”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı ticarətin artırılması və tranzit imkanlarının genişləndirilməsi Azərbaycanın regionda uzunmüddətli sülh və əməkdaşlığa hesablanmış siyasətinin göstəriciləridir.

Deputat Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrası ilə bağlı səsləndirdiyi fikirlərin də mühüm mesaj olduğunu bildirib.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması xalqın iradəsi, dövlətin qətiyyətli siyasəti və gücü hesabına mümkün olub. Onun fikrincə, bu proses beynəlxalq hüquq normalarının və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası mexanizmlərinin səmərəliliyinin artırılmasının vacibliyini də göstərir.

Deputat Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində fəal və təşəbbüskar mövqedə dayandığını vurğulayıb. Onun sözlərinə görə, ölkəmiz regional əməkdaşlığın inkişafı, sülhün möhkəmləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunması, eləcə də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürür.

“Prezident cənab İlham Əliyevin Bişkekdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını uğurla təmin edən dövlət deyil, eyni zamanda daha ədalətli, təhlükəsiz və əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verən etibarlı tərəfdaşdır”, – deyə Fatma Yıldırım bildirib.

Deputat hesab edir ki, Azərbaycanın yaratdığı yeni reallıqlar Cənubi Qafqazın gələcək inkişafı üçün geniş perspektivlər açır.

“Məhz Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan bu gün həm regionda, həm də qlobal miqyasda söz sahibi olan, sülh və əməkdaşlıq gündəliyini irəli sürən güclü dövlət kimi çıxış edir”, – deyə Fatma Yıldırım vurğulayıb.