İsmayıllı rayonunda yerləşən Aşıq Bayramlı gölündə antisanitar vəziyyətlə bağlı ciddi narazılıq yaranıb.
Yenigun.Media-nın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdə gölün ətrafının müxtəlif tullantılarla çirkləndiyi, suda isə ölmüş balıqların olduğu görünür. Qeyd edək ki, gölə giriş haqqı bir nəfər üçün 2 manat təşkil edir.
Gölə girişin ödənişli olduğu, buna baxmayaraq görüntülərdə ərazidə lazımi təmizlik işlərinin aparılmadığı görünür.
İstirahətə gələnlərin sözlərinə görə, xüsusilə katerlə gəzinti zamanı ərazidən yayılan kəskin qoxu ciddi narahatlıq yaradır.
Bundan başqa, sahilə müxtəlif tullantıların atıldığı, göldə isə ölmüş balıqların müşahidə edildiyi qeyd olunur. Həmçinin göldə iri və xırdabuynuzlu heyvanların çimdiyi bildirilir.
Məsələ ilə bağlı jurnalist Elnurə Abuşova da sosial şəbəkə hesabında paylaşım edərək göldəki vəziyyətdən narazılığını bildirib.
Onu da qeyd edək ki, Aşıq Bayramlı gölü İsmayıllı rayonu 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində yerləşir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sözügedən ərazidəki vəziyyəti əks etdirən görüntüləri təqdim edirik:

