Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fatma Yıldırım: “Azərbaycan artıq Qarabağ həqiqətlərini yalnız anlatmır – Qarabağda qurduğu gələcəyi dünyaya göstərir”

Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfərini yüksək qiymətləndirib.

Deputat bildirib ki, 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndənin iştirak etdiyi səfərin artıq 22-ci dəfə keçirilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq prosesinə beynəlxalq marağın göstəricisidir:

“Qarabağ həqiqətlərinin dünyaya çatdırılması hər zaman Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olub. Bu gün isə həmin həqiqətləri izah etmək üçün əlavə sözlərə ehtiyac daha azdır. Çünki Qarabağda görülən işlər, yenidən qurulan şəhərlər, bərpa olunan tarixi-mədəni irs və doğma torpaqlarına qayıdan insanlar Azərbaycanın yaratdığı yeni reallığı özü göstərir”.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə təşkil olunan belə səfərlər diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzurda gedən proseslərlə birbaşa yerində tanış olması baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, hər belə səfər Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini beynəlxalq nümayəndələrə əyani şəkildə nümayiş etdirir:

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti artıq konkret nəticələrini göstərir. Qarabağda həyat bərpa olunur, insanlar öz yurdlarına qayıdır və bu torpaqlar Azərbaycanın ümumi inkişaf prosesinə yenidən qoşulur”.

Fatma Yıldırım vurğulayıb ki, Qarabağ artıq yalnız Azərbaycanın Zəfərinin tarixi nəticəsi kimi deyil, ölkənin yeni inkişaf mərhələsinin mühüm hissəsi kimi formalaşır.

“Bu gün Qarabağ haqqında danışmaqdan daha çox, Qarabağı göstərmək zamanıdır. Burada hər yeni yol, hər bərpa olunan məktəb, hər yenidən ucaldılan bina və doğma yurduna qayıdan hər bir ailə Azərbaycanın yaratdığı reallığın canlı sübutudur”.

Deputat əlavə edib ki, diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzuru öz gözləri ilə görməsi Azərbaycanın yaratdığı reallığın beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Azərbaycan artıq Qarabağ həqiqətlərini yalnız anlatmır – Qarabağda qurduğu gələcəyi dünyaya göstərir. Qarabağ dirçəlir, Azərbaycan daha da güclənir!”