Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin İletişim Başkanlığı sədr müavini Ferhat Pirinççini qəbul edib.
Yenigun.Media xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkiyə Prezident Administrasiyasının İletişim Başkanlığı sədr müavini, professor doktor Ferhat Pirinççi rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
Görüş zamanı Türkiyə Prezident Administrasiyasının İletişim Başkanı Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə rəsmi səfərə dəvəti çatdırılıb.
Tərəflər Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində media, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə dəyişən qlobal informasiya mühiti, dezinformasiyaya qarşı mübarizə, ictimai diplomatiyanın inkişaf etdirilməsi və iki ölkənin ümumi məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə daha effektiv kommunikasiya imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin regiondakı son proseslər və Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasında strateji kommunikasiyanın rolu müzakirə edilib.
Tərəflər Azərbaycan-Türkiyə həmrəyliyinin yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regional əməkdaşlıq və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin “iki dövlət, bir millət” prinsipi və Şuşa Bəyannaməsində əks olunan müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində də daha yüksək səviyyəyə çatdırılmasının vacibliyi qeyd olunub.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də iştirak edib.
Tərəflər iki ölkənin müvafiq qurumları arasında mövcud əlaqələrin və birgə layihələrin bundan sonra da davam etdirilməsinin vacibliyini bildiriblər.
Yenigun.Media


