Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır. 20 Sentyabr da məhz belə tarixlərdəndir. 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik mübarizəsinin mühüm mərhələsini təşkil etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilib.
“Gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyən Ümummilli Lider Heydər Əliyevin bu fikri bu gün Azərbaycanın əldə etdiyi tarixi Zəfərin fonunda xüsusi məna daşıyır.
Dövlət suverenliyi Azərbaycan xalqının əsrlər boyu formalaşan müstəqil dövlətçilik iradəsinin, milli həmrəyliyinin və ərazi bütövlüyü uğrunda mübarizəsinin nəticəsidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə başlayan müasir dövlətçilik yolumuz müxtəlif tarixi sınaqlardan keçərək 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə yeni mərhələyə qədəm qoydu.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlətçiliyi möhkəmləndirildi, ölkədə ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğunun möhkəm təməli yaradıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası isə müstəqil, suveren və hüquqi dövlət quruculuğunun əsas hüquqi bazasına çevrildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan Ordusunun gücü və dövlətimizin beynəlxalq mövqeləri daha da möhkəmləndirildi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz döyüşləri Azərbaycanın gələcək Zəfərinin mühüm mərhələləri oldu.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpası ilə nəticələndi. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror əməliyyatı isə cəmi 23 saat davam edərək sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası ilə başa çatdı.
Bu tarixi hadisə nəticəsində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində təmin edildi, dövlət bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə dalğalanmağa başladı.
20 Sentyabr bu baxımdan yalnız təqvimdə qeyd olunan bir gün deyil. Bu tarix Azərbaycan xalqının müstəqillik, dövlətçilik və suverenlik iradəsinin təntənəsinin rəmzidir.
Bu gün Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini davam etdirir, milli maraqlarını və suveren hüquqlarını əsas götürərək qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir.
Yaşasın suveren və müstəqil Azərbaycan!
Anar İsgəndərov
Milli Məclisin deputatı

