Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fatma Yıldırım: “Prezident İlham Əliyevin qərarı Qarabağın dirçəlişinə və Böyük Qayıdışa verilən növbəti dəstəyin nümunəsidir”

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı il üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edilməsi dövlətimizin başçısının sülh və humanizm dəyərlərinin təşviqinə, Azərbaycan-Ermənistan arasında dayanıqlı sülhün təmin olunmasına verdiyi tarixi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

Milli Məclisin deputatı Fatma Yıldırım Yenigun.Media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın sülh gündəliyinin və regionda davamlı sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətə verilən beynəlxalq qiymətdir.

Deputat qeyd edib ki, mükafatın mənəvi əhəmiyyəti ilə yanaşı, Prezident İlham Əliyevin 500 min ABŞ dolları məbləğində pul mükafatının tam şəkildə Qarabağ Dirçəliş Fonduna köçürülməsi barədə qərarı xüsusi əhəmiyyət daşıyır:

“Bu qərar dövlət başçısının Qarabağın və Şərqi Zəngəzurun bərpasına, Böyük Qayıdış prosesinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına verdiyi yüksək önəmin daha bir ifadəsidir. Cənab Prezident mükafatın maddi hissəsini şəxsi məqsədlərə deyil, Qarabağın dirçəlişinə yönəltməklə bir daha nümayiş etdirdi ki, işğaldan azad edilmiş ərazilərin bərpası dövlət siyasətinin əsas prioritetlərindəndir”.

Fatma Yıldırım vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri davam etdirilir, yeni şəhər və kəndlər salınır, müasir infrastruktur yaradılır və Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşların doğma yurdlarına qayıdışı təmin olunur.

“500 min ABŞ dolları məbləğində vəsaitin Qarabağ Dirçəliş Fonduna yönəldilməsi bu böyük quruculuq prosesinə verilən növbəti dəstəkdir. Hesab edirəm ki, bu qərar dövlət başçısının milli maraqlara, Qarabağa və xalqımıza bağlılığının parlaq nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, həm də işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində mühüm tarixi nailiyyətlər əldə edir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması da bu siyasətin beynəlxalq səviyyədə təqdir edilməsinin növbəti göstəricisidir”, – deyə deputat Fatma Yıldırım  açıqlamasında bildirib.