Milli Məclisin deputatı Müşfiq Məmmədli Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində və bəzi siyasi dairələrdə göstərilən reaksiyanı qəbuledilməz hesab edir.
Yenigun.Media-nın məlumatına görə, bu barədə deputat sosial şəbəkə hesabında paylaşım edib.
Müşfiq Məmmədli bildirib ki, Qarabağ Azərbaycanın ayrılmaz və suveren ərazisidir:
“Xarici diplomatların Azərbaycanın müxtəlif bölgələrinə səfər etməsi Azərbaycanın daxili işidir və bu səfərlərə görə diplomatların hədəfə alınması Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı verdiyi bəyanatlarla ziddiyyət təşkil edir”.
Deputat vurğulayıb ki, Ermənistan cəmiyyəti və siyasi dairələri mövcud reallığı qəbul etməli, regionda formalaşmış yeni geosiyasi və hüquqi reallıqlara hörmətlə yanaşmalıdır.
Müşfiq Məmmədli qeyd edib ki, regionda davamlı sülh və sabitliyin təmin olunması üçün keçmişdən deyil, gələcəkdən çıxış etmək və yeni reallıqlara uyğun münasibətlər qurmaq vacibdir.
Yenigun.Media

