Yasamal rayonunun Balababa Məcidov küçəsində aparılan tikinti işləri nəticəsində piyada səkisinin yararsız vəziyyətə düşməsi sakinlərin narazılığına səbəb olub.
Yenigun.Media xəbər verir ki, bu barədə jurnalist Tural Museyibov sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, tikinti işləri səbəbindən səkidən istifadə faktiki olaraq mümkünsüzləşib. Nəticədə piyadalar hərəkət hissəsinə çıxaraq yolun kənarı ilə deyil, avtomobillərin hərəkət etdiyi ərazidən keçməyə məcbur qalırlar.
Jurnalist paylaşımında xüsusilə yaşlı insanların, qadınların və uşaq arabası ilə hərəkət edən valideynlərin üzləşdiyi çətinliyə diqqət çəkib.
“Bu səkidə nə piyada gəzmək mümkündür, nə də uşaq arabası ilə hərəkət etmək. Buradan yaşlı da keçir, uşaq da, qadın da. Necə keçib getsinlər?” – deyə T. Museyibov bildirib.
O, həmçinin yağışlı havalarda ərazidə vəziyyətin daha da ağırlaşacağını vurğulayıb və aidiyyəti qurumları məsələyə diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, piyada səkilərinin tikinti işləri zamanı təhlükəsiz və keçiləbilən vəziyyətdə saxlanılması həm piyadaların təhlükəsizliyi, həm də şəhər infrastrukturunun normal fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıyır.
Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

