Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Fatma Yıldırım: “Diplomatlara təzyiq göstərilməsi qəbuledilməzdir”

Ermənistan cəmiyyətində və revanşist dairələrdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı səsləndirilən fikirlər regionda sülh gündəliyi və yaranmış yeni reallıqlarla bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Milli Məclisin deputatı Fatma Yıldırım bu barədə Yenigun.Media-ya  açıqlamasında bildirib ki, xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərinin hədəfə alınması və onların fəaliyyətinə təzyiq göstərilməsinə cəhd qəbuledilməzdir.

Deputatın sözlərinə görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır.

“Diplomatik nümayəndələrin Qarabağa səfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin artıq reallığa çevrildiyini bir daha göstərir. Bu reallığı qəbul etmək əvəzinə təhdid və revanşist çağırışların səsləndirilməsi regionda sülh və etimad mühitinə xidmət etmir.

Tarixi və mədəni irsin siyasiləşdirilməsi də ciddi narahatlıq doğurur. Gəncəsər, Xudavəng və digər tarixi abidələrin yalnız bir tərəfin irsi kimi təqdim olunması, Qafqaz Albaniyası irsinin siyasi məqsədlərlə təhrif edilməsi tarixə və elmi həqiqətlərə hörmətsizlikdir.

Azərbaycan öz ərazisindəki tarixi və mədəni abidələri onların dini və etnik mənsubiyyətindən asılı olmayaraq qoruyur və bərpa edir. Eyni münasibəti Qərbi Azərbaycanda xalqımıza məxsus məscidlərə, qəbiristanlıqlara və digər tarixi irs nümunələrinə münasibətdə görmək istərdik.

Ermənistan parlamenti rəhbərliyinin Azərbaycan ərazisinə səfər edən diplomatlara münasibəti də təəssüf doğurur. Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli açıqlamalar və 2022-ci il hadisələrinin siyasi gündəmə gətirilməsi sülh prosesinin ruhuna uyğun yanaşma deyil.

Azərbaycan sülhə, təhlükəsizliyə və regional əməkdaşlığa sadiqdir. Ermənistan da revanşist ritorikadan, tarixi saxtalaşdırma cəhdlərindən və Azərbaycanın suverenliyinə qarşı yanaşmalardan uzaqlaşmalıdır.

Bu gün regionda yeni reallıq var. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Ermənistanın gələcəyi də məhz bu reallığı qəbul etməkdən və qonşu dövlətlərin suverenliyinə hörmət göstərməkdən keçir”, – deyə Fatma Yıldırım bildirib.