Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Müşfiq Məmmədli: “20 sentyabr Azərbaycanın suverenliyinin tam bərpasını təcəssüm etdirən tarixi gündür”

20 sentyabr Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini – ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını, Azərbaycan Bayrağının Qarabağın hər guşəsində dalğalanmasını təcəssüm etdirən əlamətdar gündür.

Milli Məclisin deputatı Müşfiq Məmmədli bu fikirləri Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü artıq ikinci dəfə qeyd olunur:

“Bu əlamətdar günün arxasında 30 ildən artıq davam edən işğalın ağır nəticələrinə, minlərlə şəhidimizin canı və qanı bahasına qazanılmış tarixi Zəfərə, Azərbaycan xalqının sarsılmaz iradəsinə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinə söykənən böyük və şərəfli bir yol dayanır”.

Müşfiq Məmmədlinin sözlərinə görə, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnib:

“Bu tədbirlər nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi və Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bu, Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtələrindən biridir”.

Deputat vurğulayıb ki, bu gün həmin şəhərlərin siması sürətlə dəyişir:

“İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış məhəllələri salınır, sosial infrastruktur formalaşdırılır, məktəblər, səhiyyə müəssisələri, yollar, enerji və digər mühüm obyektlər inşa edilərək istifadəyə verilir. Bütün bunlar Böyük Qayıdış prosesinin ardıcıl şəkildə həyata keçirildiyini göstərir”.

Müşfiq Məmmədli əlavə edib ki, bu prosesin ən mühüm istiqamətlərindən biri insanların doğma yurdlarına qayıdışıdır:

“Ən böyük qayıdış insanlarımızın öz ata-baba torpaqlarına dönüşüdür. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız keçmişə qayıdışın deyil, həm də gələcəyə inamın, quruculuğun və Böyük Qayıdışın rəmzidir”.

Deputat qeyd edib ki, 20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan gün kimi gələcək nəsillərə də çatdırılacaq.

“Bu tarix xalqımızın birlik və iradəsinin, dövlətimizin gücünün və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasının simvoludur”, – deyə Müşfiq Məmmədli bildirib.