Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Məhkəmə anasına qarşı sərt rəftar edən oğulu məcburi miras payından məhrum etdi — QƏRAR

Biləsuvar Rayon Məhkəməsində ana ilə övlad arasında vərəsəlik mübahisəsi ilə bağlı diqqətçəkən qərar qəbul edilib.

Yenigun.Media Biləsuvar Rayon Məhkəməsinə istinadən xəbər verir ki, məhkəmədə ana ilə oğlu arasında vərəsəlik mübahisəsinə baxılıb.

Məlumata görə, ana oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu əsas gətirərək, gələcəkdə ona məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Cavabdeh isə iddianı qəbul etməyib. O, ailə üzvləri arasında yaranan mübahisələrin əsasən əmlakın satılması məsələsi ilə bağlı olduğunu bildirib.

Biləsuvar Rayon Məhkəməsi iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini, polis orqanlarına edilmiş müraciətlərlə bağlı sənədləri, səs yazılarını və digər sübutları araşdırıb.

Məhkəmə qeyd edib ki, qanunvericilik uşaqların, valideynlərin və ər-arvadın mirasda məcburi pay hüququnu tanıyır. Bununla belə, qanunda nəzərdə tutulan əsaslar olduqda miras qoyan şəxs hələ sağlığında məhkəməyə müraciət etməklə həmin şəxsin məcburi pay hüququndan məhrum edilməsini tələb edə bilər.

İş üzrə sübutları məcmu şəkildə qiymətləndirən məhkəmə tərəflər arasında uzun müddət davam edən münaqişələrin olduğunu müəyyən edib. Cavabdehin anasına münasibətdə davranışı isə məhkəmə tərəfindən miras qoyana qarşı qəsdən sərt rəftar kimi qiymətləndirilib.

Qətnamədə vurğulanıb ki, ailə münasibətləri yalnız hüquqi qohumluq əlaqəsindən ibarət deyil. Bu münasibətlər qarşılıqlı qayğı, hörmət və ehtiram kimi mənəvi-əxlaqi dəyərləri də ehtiva edir.

Məhkəmənin qənaətinə görə, araşdırılan işdə tərəflər arasındakı mənəvi və əxlaqi münasibətlər ciddi şəkildə pozulub.

Nəticədə Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilib və cavabdeh anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib.

Qətnaməyə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə mirasın açıldığı andan qüvvəyə minəcək.

Qeyd edək ki, məcburi pay institutu yaxın ailə üzvlərinin vərəsəlik hüquqlarının qorunmasına xidmət edir. Lakin məhkəmənin bu iş üzrə mövqeyinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hallarda həmin hüquq mütləq xarakter daşımır.