Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Deputat SABAH.city-də “Səhiyyə və Süni İntellekt Mərkəzi”nin yaradılmasını təklif etdi

Azərbaycanda rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi səhiyyə sistemi üçün də yeni imkanlar yaradır.

Milli Məclisin deputatı Müşfiq Məmmədli Yenigun.Media-ya açıqlamasında bildirib ki, yeni istifadəyə verilmiş SABAH.city innovasiya şəhərciyinin imkanlarından səhiyyə sahəsində də məqsədyönlü şəkildə istifadə etmək mümkündür.

Deputat qeyd edib ki, universitetlərin, elmi-tədqiqat laboratoriyalarının, texnologiya şirkətlərinin və startapların vahid ekosistemdə birləşdirilməsi elmin real xidmətlərə və iqtisadiyyata inteqrasiyası baxımından mühüm imkanlar yaradır:

“Bu baxımdan SABAH.city-nin bazasında “Səhiyyə və Süni İntellekt Mərkəzi” yaradılmasını təklif edirəm. Belə bir mərkəzin əsas məqsədi süni intellekt və rəqəmsal texnologiyaların səhiyyədə praktiki tətbiqini sürətləndirmək, yerli tibbi texnologiyaların hazırlanmasını təşviq etmək və universitet–xəstəxana–texnologiya şirkəti əməkdaşlığını institusional səviyyəyə qaldırmaq ola bilər”.

M.Məmmədlinin sözlərinə görə, mərkəzin fəaliyyətində əsas istiqamətlərdən biri süni intellekt əsaslı erkən diaqnostika sistemlərinin hazırlanması ola bilər:

“Radiologiya, onkologiya, kardiologiya, oftalmologiya və patologiya kimi sahələrdə süni intellekt həkimin qərarını dəstəkləyən mühüm vasitəyə çevrilə bilər”.

Deputat səhiyyədə formalaşan böyük həcmli məlumatların analitik imkanlarından da istifadə edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, şəxsi məlumatların qorunması və tibbi sirr tələbləri təmin edilməklə anonimləşdirilmiş məlumatlardan xəstəliklərin epidemiologiyasının, tibbi xidmətlərə tələbatın və səhiyyə xərclərinin proqnozlaşdırılmasında istifadə etmək mümkündür.

Müşfiq Məmmədli Azərbaycan dilində tibbi süni intellekt həllərinin hazırlanmasını da strateji istiqamətlərdən biri hesab edir:

“Həkimlərin klinik qərarverməsinə yardım edən sistemlər, tibbi sənədlərin avtomatik hazırlanması, elektron tibbi qeydlərin analizi və pasiyentlərin maarifləndirilməsi üçün Azərbaycan dilində yerli dil modellərinin hazırlanması mühüm əhəmiyyət daşıyır”.

Deputat həmçinin yerli HealthTech startaplarının dəstəklənməsini, gənc mühəndis, proqramçı və həkimlərin birgə layihələr həyata keçirməsini təklif edib. Onun sözlərinə görə, perspektivli layihələr pilot olaraq müəyyən tibb müəssisələrində sınaqdan keçirilə, effektivliyi sübut olunan həllər isə daha geniş tətbiq edilə bilər.

M.Məmmədli hesab edir ki, belə bir mərkəz tibb və texnologiya təhsilinin inteqrasiyasına da xidmət etməlidir.

“Gələcəyin həkimi yalnız klinik biliklərə deyil, rəqəmsal səhiyyə, tibbi məlumatların analizi və süni intellekt haqqında baza biliklərinə də malik olmalıdır”, — deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Tibb Universiteti, digər ali məktəblər, TƏBİB, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi, SABAH.city, texnologiya şirkətləri və özəl tibb sektoru arasında vahid əməkdaşlıq platformasının yaradılması mümkündür.

Deputat xüsusi olaraq vurğulayıb ki, süni intellektin səhiyyədə tətbiqi zamanı pasiyent məlumatlarının məxfiliyi, alqoritmlərin təhlükəsizliyi, klinik məsuliyyət, etik prinsiplər və insan nəzarəti təmin edilməlidir.

“Süni intellekt həkimi əvəz edən deyil, onun imkanlarını genişləndirən və qərarverməsini dəstəkləyən vasitə olmalıdır”.

Müşfiq Məmmədlinin fikrincə, Azərbaycan gələcəkdə yalnız xaricdə hazırlanmış tibbi texnologiyaları alan ölkə deyil, öz tibbi süni intellekt məhsullarını yaradan və onları region ölkələrinə ixrac edə bilən ölkəyə çevrilməlidir.

“SABAH.city-də belə bir Səhiyyə və Süni İntellekt Mərkəzinin yaradılması bu istiqamətdə konkret və perspektivli addım ola bilər. Düşünürəm ki, aidiyyəti dövlət qurumları və universitetlərin iştirakı ilə bu təşəbbüsün konsepsiyasının hazırlanması məsələsini müzakirə edə bilərik”, — deputat açıqlamasında bildirib.