Sentyabrın 23-də Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı açıqlanacaq. Qərar kreditləşmənin genişləndiyi və inflyasiyanın hədəf diapazonunda qaldığı bir şəraitdə xüsusi maraq doğurur.
Bu barədə Yenigun.Media-ya İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.
Ekspertin sözlərinə görə, hazırda uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz təşkil edir. Avqust ayında illik inflyasiyanın 5,7 faiz olması isə inflyasiyanın Mərkəzi Bankın müəyyən etdiyi 4±2 faizlik hədəf diapazonunda qaldığını göstərir.
Eyyub Kərimli qeyd edib ki, faiz qərarını qiymətləndirərkən yalnız inflyasiya göstəricilərinə deyil, kredit bazarındakı dinamikaya da diqqət yetirmək lazımdır:
“AMB-nin açıqladığı göstəricilərə əsasən, avqustun 1-nə bankların kredit portfeli 32,1 milyard manata çatıb. İyul ayında kredit portfelinin təxminən 274 milyon manat artması, son bir ildə isə 12,5 faiz genişlənməsi kreditə tələbin yüksək olduğunu göstərir”.
İqtisadçı bildirib ki, kredit portfelinin strukturunda biznes kreditləri 17,3 milyard manat, istehlak kreditləri 10 milyard manat, ipoteka kreditləri isə 4,7 milyard manat təşkil edir:
“Beləliklə, kredit portfelinin təxminən 54 faizi biznes kreditlərinin, 31,3 faizi istehlak kreditlərinin, 14,7 faizi isə ipoteka kreditlərinin payına düşür. Bu struktur iqtisadiyyatda kredit resurslarına tələbin kifayət qədər yüksək olduğunu göstərir”.
Ekspertin fikrincə, bu mərhələdə əsas məsələ kredit portfelinin həcmi ilə yanaşı, kredit resurslarının qiymətidir.
“Uçot dərəcəsinin 6,5 faiz səviyyəsində olması fonunda biznes və əhali üçün kredit faizlərinin niyə hələ də yüksək qalması mühüm sualdır. Mərkəzi Bankın faiz qərarının iqtisadiyyata təsiri yalnız uçot dərəcəsinin dəyişməsi ilə ölçülməməlidir. Əsas məsələ həmin dəyişikliyin kommersiya banklarının kredit faizlərinə nə dərəcədə və hansı sürətlə ötürülməsidir”.
Eyyub Kərimli hesab edir ki, inflyasiyanın hədəf diapazonunda qalması və pul bazarında faizlərin aşağı istiqamətdə hərəkəti monetar siyasətin yumşaldılması imkanlarının müzakirə edilməsinə şərait yaradır.
“Əgər 23 sentyabrda faiz dərəcəsinin azaldılması ilə bağlı qərar qəbul edilərsə, bunun biznes və istehlak kreditlərinin faizlərinə real şəkildə yansıması vacibdir. Çünki sahibkar üçün əsas göstərici Mərkəzi Bankın uçot dərəcəsinin 6,5 və ya 6,25 faiz olması deyil. Əsas məsələ bankdan götürdüyü kreditin ona faktiki olaraq neçə faizə başa gəlməsidir”.
İqtisadçı vurğulayıb ki, kredit portfelinin 32 milyard manatı keçməsi fonunda kredit faizlərində mərhələli azalma biznesin maliyyələşmə xərclərinə və investisiya aktivliyinə təsir göstərə bilər.
“Faizlərin aşağı düşməsi maliyyə resurslarının əlçatanlığını artıra, sahibkarların investisiya imkanlarını genişləndirə və iqtisadi fəallığa əlavə stimul verə bilər. Lakin burada əsas şərt pul siyasətindəki mümkün yumşalmanın real kredit bazarına ötürülməsidir”.
Eyyub Kərimlinin sözlərinə görə, buna görə də sentyabrın 23-də açıqlanacaq qərara yalnız “Mərkəzi Bank faiz dərəcəsini dəyişəcəkmi?” sualı prizmasından yanaşmaq düzgün olmaz:
“Əsas məsələ mümkün faiz dəyişikliyinin real iqtisadiyyatda hansı nəticə yaradacağıdır. Yəni pul siyasətində mümkün yumşalma kreditlərin qiymətinə nə qədər sürətlə təsir edəcək və bu, biznesin maliyyələşməsində, investisiyalarda və iqtisadi fəallıqda özünü necə göstərəcək? Məncə, qərardan sonra əsas diqqət məhz bu istiqamətə yönəlməlidir”.

