“Bayağı mahnılar həmişə olub. Amma musiqi duyumu olan, səviyyəli, zövqlü insan bayağı mahnıya heç vaxt qulaq asmaz”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış şair, alim, ədəbiyyatşünas Vüqar Əhməd deyib.
O, günümüzdə meydan sulayan və zövqləri korlayan bayağı mahnılarla bağlı iradlarını bildirib:
“Bayağı mahnılar həmişə olub. Amma musiqi duyumu olan, səviyyəli, zövqlü insan bayağı mahnıya heç vaxt qulaq asmaz. Xaric, deton oxuyan, səsi olmayan, amma reklamı güclü olan bir müğənnini toyuna dəvət edib 10-15 min manat verirlər. Amma böyük sənəti olan ifaçıya 500 manat verməyə əlləri gəlmir. Müğənni var, sözü də özü yazır, musiqini də. Baxırsan ki, yazdığı da plagiatdır. Elə şeir var musiqiyə düşmür, elə mahnı var, söz gözəldir, musiqi bəsitdir. Elə mahnı var, həqiqətən, gözəldir, amma ifaçı onu yaxşı təqdim edə bilmir. O vaxt deyirdilər Rəşidin, Şövkətin, Saranın, Rübabənin mahnısıdır. Müğənni o mahnılara elə möhür vururdu ki… Məsələn, Şövkət Ələkbərova bəzən zəif mahnını o qədər yüksək səviyyədə oxuyub ki, onu gözəlləşdirib. Necə ki bayağı insanlar var, eləcə də bayağı mahnılar var.
Bayağı mahnılar zövqləri də korlayır. Buna görə də uşaqları lap körpəlikdən keyfiyyətli musiqi ilə tərbiyələndirmək lazımdır. İstər Azərbaycan, istərsə də dünya musiqisi ilə… Uşaqlarda bayağı təfəkkürün formalaşmaması üçün onları belə musiqilərdən çəkindirmək lazımdır”.

