Quş əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri, sahibkar Mürvət Həsənli istehsalçıların qarşılaşdığı problemlərə diqqət çəkib.
Yenigun.Media -nın məlumatına görə, Mürvət Həsənli bildirib ki, uzun illərdir quşçuluq sektorunda fəaliyyət göstərən bir şəxs kimi sahibkarların gündəlik problemlərini yaxından müşahidə edir və əsas məsələlərdən birinin onların normal və maneəsiz fəaliyyətinə şərait yaradılması olduğunu düşünür.
Onun sözlərinə görə, sahibkarlıq yalnız qazanc əldə etməkdən ibarət deyil:
“Sahibkarlıq böyük risk, məsuliyyət, zəhmət və davamlı mübarizə deməkdir. Sahibkar bir müəssisənin deyil, orada çalışan onlarla, bəzən yüzlərlə insanın və onların ailələrinin məsuliyyətini daşıyır”.
Mürvət Həsənli xüsusilə kənd təsərrüfatı və quşçuluq sektorunda istehsalın fasiləsizliyinin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, təsərrüfatların yem, elektrik enerjisi, qaz, su və digər zəruri resurslarla davamlı təmin olunması, həmçinin baytarlıq və biotəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Assosiasiya sədri hesab edir ki, istehsalçının qarşısında yaranan hər bir əlavə maneə məhsulun maya dəyərinə və nəticə etibarilə istehlakçıya təsir göstərir.
“Biz ölkədə ərzaq təhlükəsizliyini möhkəmləndirmək, idxaldan asılılığı azaltmaq, yerli istehsalı və ixracı artırmaq istəyiriksə, ilk növbədə istehsalçının yanında olmalıyıq. Fermer və sahibkar dövlətə yük deyil. Onlar istehsal yaradan, insanları işlə təmin edən, vergi ödəyən və ölkənin ərzaq təhlükəsizliyinə töhfə verən insanlardır”, – deyə Mürvət Həsənli bildirib.
O vurğulayıb ki, sahibkar dövlət qurumunu özünə maneə kimi deyil, problemlərinin həllində tərəfdaş kimi görməlidir.
“Biz xüsusi imtiyaz istəmirik. Biz ədalətli münasibət, qanunların hamıya eyni tətbiq olunmasını və istehsalçının qarşısında əsassız maneələrin yaradılmamasını istəyirik”.
Mürvət Həsənli sonda sahibkar və fermerlərin fəaliyyətinin ölkənin ümumi iqtisadi inkişafı və ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu qeyd edib:
“Sahibkarı yormayaq — sahibkara yol açaq. Fermeri incitməyək — fermerə dəstək olaq. İstehsala maneə yaratmayaq — istehsalı böyüdək. Çünki güclü fermer və sahibkar — güclü istehsal, güclü ərzaq təhlükəsizliyi və güclü Azərbaycan deməkdir”.

