Xəbər verdiyimiz kimi, İmişli rayonunda fəaliyyət göstərən “TÜRKAZ ÇINQIL” MMC-yə məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilib. İddialarda şirkətin ərazidə torpaq sahələrindən qanunsuz istifadə etdiyi və torpaqları taladığı bildirilir. “Türkaz” MMC-dən isə bu iddiaların əsassız olduğu bildirilib. Şirkətə məxsus karxananın fəaliyyətində istifadə olunan yol “İmişli Dəmir-Beton ASC” tərəfindən şlaqbaum qoyularaq, bağlanılıb. Sözügedən vəziyyətin şirkətin fəaliyyətinə ciddi çətinliklər yaradıb.
Bununla bağlı “TÜRKAZ ÇINQIL” MMC-dən Ekologiya.az-a açıqlama verilib.
Bildirilib ki, “TÜRKAZ ÇINQIL” Məhdud Məsuliyyətli Cəmiyyəti 03.04.2007-ci il tarixdə 5500240431 VÖEN ilə Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrində dövlət qeydiyyatına alınmış və qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxsdir. Cəmiyyət tərəfindən qum-çınqıl materiallarının hasilatı və istehsalı fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslar və müvafiq sənədlər çərçivəsində həyata keçirilir. Belə ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 22.07.2014-cü il tarixli 158 nömrəli Sərəncamı və həmin tarixli 56 nömrəli İcarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti – qum-çınqıl materiallarının çıxarılması və istehsalı məqsədilə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında, Araz çayının mühafizə zonasından kənarda yerləşən qum-çınqıl qarışığı yatağından 60,0 hektar torpaq sahəsi 45 il müddətinə Cəmiyyətə icarəyə verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən verilmiş 28.01.2024-cü il tarixli 01144 nömrəli Dağ-Mədən Ayırması aktına əsasən, Cəmiyyətə icarəyə verilmiş həmin torpaq sahəsində, markşeyder planı üzrə 1–35 künc nöqtələri ilə müəyyən edilmiş 60,0 hektar ərazidə qum-çınqıl hasilatının həyata keçirilməsinə icazə verilmişdir. Cəmiyyət tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri texnika və avadanlıqlar alınmış, müvafiq icazələr, razılaşdırmalar və digər hüquqi sənədlər əldə edilmiş, əhəmiyyətli investisiyalar qoyulmuşdur. Cəmiyyət fəaliyyət göstərdiyi müddət ərzində qanunvericiliyin tələblərinə riayət etmiş, üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və sahibkarlıq fəaliyyətini qanuni əsaslarla həyata keçirmişdir.
Buna baxmayaraq, son dövrdə sosial media platformasında, konkret olaraq TikTok sosial şəbəkəsində, video formatında yayımlanmış ən azı iki ayrı materialda “TÜRKAZ ÇINQIL” MMC-nin adı açıq və tam şəkildə çəkilmiş, Cəmiyyətin fəaliyyəti haqqında ağır məzmunlu və onun işgüzar nüfuzuna xələl yetirə biləcək məlumatlar yayılmışdır.
Həmin videolarda Cəmiyyətimizin guya:
• dövlət əmlakını və dövlətə məxsus sərvətləri talaması;
• təbii sərvətləri talan etməsi;
• qanunsuz fəaliyyət göstərməsi;
• Araz çayından qanunsuz qum-çınqıl götürməsi;
• ona ayrılmış və icazə verilmiş ərazidən kənarda qazıntı aparması;
• icazə verilmiş dərinlikdən dəfələrlə artıq dərinlikdə qazıntı aparması;
• kəndlərə, kənd sakinlərinə və ətraf ərazilərə zərər vurması;
• fəaliyyətinə müəyyən dövlət və yerli icra orqanları tərəfindən göz yumulması və ya himayədarlıq edilməsi
barədə məlumatlar səsləndirilmişdir.
Həmin ifadələr Cəmiyyətin qanunsuz və hüquqazidd fəaliyyətlə məşğul olan, dövlət sərvətlərini talayan kommersiya subyekti kimi təqdim edilməsinə yönəlmişdir. Bu cür iddiaların ictimaiyyətə açıq şəkildə, video formatında və geniş auditoriyaya malik TikTok platforması vasitəsilə yayılması Cəmiyyətin işgüzar nüfuzuna ciddi zərər vurmaq potensialına malikdir.
Yuxarıda göstərilən ifadələr adi subyektiv fikir, şəxsi münasibət və ya ümumi tənqidlə məhdudlaşmır. “Qanunsuz fəaliyyət göstərir”, “dövlət sərvətini talayır”, “icazə verilmiş ərazidən kənarda qazıntı aparır”, “icazə verilən dərinlikdən artıq qazıntı aparır” kimi ifadələr obyektiv yoxlanılması mümkün olan konkret fakt iddialarıdır. Əgər belə iddialar səsləndirilirsə, onları yayan şəxs həmin iddiaları təsdiq edən konkret sənədləri, ekspertiza nəticələrini, ölçmə materiallarını, dövlət orqanlarının qərarlarını və digər sübutları təqdim etməlidir. Cəmiyyətə məlum olan rəsmi sənədlər isə Cəmiyyətin fəaliyyətinin konkret hüquqi əsaslarının mövcud olduğunu göstərir. Bu səbəbdən hesab edirik ki, video materiallarda səsləndirilən ağır ittihamların nə dərəcədə əsaslı olması müvafiq dövlət orqanları tərəfindən obyektiv şəkildə araşdırılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi şərəf və ləyaqətin müdafiəsini təmin edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquqi müdafiə vasitələrini nəzərdə tutur.
“TÜRKAZ ÇINQIL” MMC kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxs olduğundan onun işgüzar nüfuzu sahibkarlıq fəaliyyətinin mühüm hüquqi və iqtisadi elementidir. Cəmiyyətin ictimaiyyət qarşısında dövlət sərvətlərini talayan, qanunsuz fəaliyyət göstərən, icazə rejimini pozan və təbii sərvətləri qanunsuz əldə edən şirkət kimi təqdim olunması onun:
• müştərilər qarşısında nüfuzuna;
• kontragentlərlə münasibətlərinə;
• kommersiya etibarına;
• sahibkarlıq fəaliyyətinə;
• dövlət qurumları və digər hüquqi şəxslərlə münasibətlərinə
mənfi təsir göstərmək qabiliyyətinə malikdir.
Bu səbəbdən həmin məlumatların həqiqətə uyğunluğu ilə yanaşı, yayılmasının Cəmiyyətin işgüzar nüfuzuna vurduğu faktiki və potensial zərərin də qiymətləndirilməsi zəruridir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtan, 148-ci maddəsində təhqir, qanunda nəzərdə tutulan hallarda isə internet resurslarından istifadə etməklə törədilən müvafiq əməllərə ayrıca hüquqi qiymət verilməsi nəzərdə tutulur.
Bu baxımdan, videolarda konkret fiziki şəxslər barəsində yalan və nüfuzdan salan məlumatların bilərəkdən yayılması müəyyən edilərsə, həmin şəxslərin əməllərinə Cinayət Məcəlləsinin 147-ci maddəsi baxımından hüquqi qiymət verilməsi zəruridir.
Videolarda konkret fiziki şəxslərin şərəf və ləyaqətini nalayiq formada alçaldan ifadələr müəyyən edilərsə, həmin əməllər üzrə Cinayət Məcəlləsinin 148-ci maddəsinin tətbiqi məsələsinə də hüquqi qiymət verilməlidir.
Əgər cinayət-hüquqi baxımdan əhəmiyyətli ifadələr konkret fiziki şəxslərə deyil, bilavasitə hüquqi şəxsə aid edilibsə, həmin hissədə Mülki Məcəllənin 23-cü maddəsi üzrə işgüzar nüfuzun müdafiəsi məsələsi ayrıca təmin edilməlidir.
Bu iki hüquqi mexanizmin bir-birindən fərqləndirilməsi və hər bir hal üzrə müvafiq hüquqi vasitənin tətbiq olunması xahiş edilir.
Cəmiyyət üçün xüsusi narahatlıq doğuran məsələ ondan ibarətdir ki, şirkət haqqında yayılan məlumatların sadəcə şəxsi təşəbbüs nəticəsində deyil, müəyyən üçüncü şəxslərin sifarişi, təşkili, maliyyələşdirməsi və ya yönləndirməsi əsasında hazırlanıb-yayılmadığı da müəyyən edilməlidir.
Belə bir ehtimal irəli sürülməsi həmin şəxslərin təqsirli olduğu anlamına gəlmir. Lakin videolarda konkret kommersiya subyektinin hədəfə alınması, eyni məzmunlu materialların təkrar yayılması və Cəmiyyətin qanuni fəaliyyətinə dair ağır ittihamların sistemli şəkildə ictimaiyyətə çatdırılması nəzərə alınaraq, məlumatların yayılmasının sifarişli, koordinasiya olunmuş və ya üçüncü şəxslərin maddi və ya digər maraqları əsasında həyata keçirilib-keçirilmədiyi obyektiv araşdırılmalıdır.
Əgər araşdırma nəticəsində yayımın sifarişli və ya koordinasiyalı xarakter daşıdığı təsdiqlənərsə, belə hərəkətlərin hüquqi nəticələrinə ayrıca qiymət verilməsi xahiş olunur.
Həqiqətə uyğun olmayan məlumatların yayılması təsdiqlənərsə, həmin məlumatların yalnız bir dəfə yayılması ilə hüquqi nəticənin bitmiş hesab edilməsi düzgün olmaz.
Çünki məlumatların TikTok platformasında qalması, paylaşılması və digər istifadəçilər tərəfindən yenidən yayılması nəticəsində Cəmiyyətə dəyən zərər davam edə bilər.
. Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş edirik:
1. TikTok sosial şəbəkəsində yayımlanmış iki video material üzrə hərtərəfli və obyektiv araşdırma aparılsın;
2. Videolarda “TÜRKAZ ÇINQIL” MMC haqqında səsləndirilmiş bütün konkret fakt iddiaları müəyyən edilərək rəsmiləşdirilsin;
3. Həmin məlumatların həqiqətə uyğun olub-olmaması Cəmiyyətin hüquqi sənədləri, markşeyder planı, müvafiq icazələr və digər obyektiv sübutlar əsasında yoxlanılsın;
4. Şirkətin guya qanunsuz fəaliyyət göstərməsi, dövlət və təbii sərvətləri talaması, icazə verilmiş ərazidən kənarda və ya icazə verilmiş dərinlikdən artıq qazıntı aparması barədə iddiaların faktiki əsasının olub-olmaması müəyyən edilsin;
5. Məlumatları yayan şəxsin bu məlumatları hansı mənbədən əldə etdiyi və hansı sübutlara əsaslandığı araşdırılsın;
6. Məlumatların bilərəkdən yalan şəkildə yayılması ehtimalına ayrıca hüquqi qiymət verilsin;
7. Konkret fiziki şəxslərə münasibətdə yayılan yalan və nüfuzdan salan məlumatlar müəyyən edilərsə, həmin əməllərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi baxımından hüquqi qiymət verilsin;
8. Konkret fiziki şəxslərə qarşı təhqir xarakterli ifadələr müəyyən edilərsə, həmin əməllərə Cinayət Məcəlləsinin 148-ci maddəsi baxımından hüquqi qiymət verilsin;
9. Cinayət əlamətləri müəyyən edildiyi halda, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydada müvafiq tədbirlərin görülməsi və təqsirli şəxslərin qanuni məsuliyyətə cəlb edilməsi məsələsi həll edilsin;
10. “TÜRKAZ ÇINQIL” MMC-nin işgüzar nüfuzuna xələl gətirən məlumatların yayılması məsələsinə Mülki Məcəllənin 23-cü maddəsi əsasında hüquqi qiymət verilsin;
11. Həqiqətə uyğun olmayan məlumatların yayılması müəyyən edildikdə, həmin məlumatların təkzib olunması, yayılmasının nəticələrinin aradan qaldırılması və Cəmiyyətin pozulmuş işgüzar nüfuzunun bərpası üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilsin;
12. TikTok-da yerləşdirilmiş video materialların yayımının davam etməsinin və yeni istifadəçilər tərəfindən təkrar yayılmasının qarşısının alınması üçün qanunvericiliyin imkan verdiyi bütün tədbirlərin görülməsi təmin edilsin;
Sonda şirkətdən bildirilib ki, bütün sübut və faktlar toplanaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunacaq.
Qeyd edək ki, adıçəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

