Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

“27 Sentyabr – Anım Günü Böyük Zəfərə aparan yolun möhtəşəm başlanğıcıdır”

44 günlük Vətən müharibəsinin başlanmasından 6 il ötür. 27 sentyabr 2020-ci il Azərbaycanın tarixində Böyük Zəfərə aparan yolun başlanğıcı kimi yadda qalıb.

Milli Məclisin deputatı Əli Məsimli Yenigun.Media-ya açıqlamasında bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı 44 günlük Vətən müharibəsi nəticəsində 30 il davam edən işğala son qoyulub:

“Bu şanlı qələbə nəticəsində dünya təcrübəsində çox nadir hallarda rast gəlinən bir hadisə – işğal altında olan torpaqların hərbi yolla azad edilməsi baş verdi. Bu, postsovet məkanında da mühüm tarixi hadisə idi.

2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror əməliyyatının 23 saat 43 dəqiqə ərzində başa çatması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin mühüm amillərindən biri xalqımızın Vətən torpaqlarının azad olunması naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsi oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycanın haqq işinə dəstək verən müxtəlif xalqların nümayəndələri bu prosesdə həmrəylik nümayiş etdirdilər. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarının nümayiş etdirdiyi birlik ön və arxa cəbhədə böyük mənəvi güc yaratdı.

Zəfərə aparan yol postmüharibə dövründə də davam edir. Azərbaycan hərb meydanında mümkün görünməyənləri mümkün etdiyi kimi, postmüharibə dövründə də qarşıya qoyduğu hədəfləri reallaşdırır.

İşğaldan azad edilmiş ərazilərimiz bu gün genişmiqyaslı bərpa və quruculuq meydanına çevrilib. Şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Böyük Qayıdış prosesi suverenliyimizin və Zəfərimizin mühüm nəticələrindən biridir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, insanların öz doğma yurdlarına qayıtması gələcəyə olan inamı daha da artırır. İşğaldan azad edilmiş ərazilərdə keçirilən beynəlxalq tədbirlər və dövlət başçılarının görüşləri də həmin ərazilərin yeni reallıqların mərkəzinə çevrildiyini göstərir.

Azərbaycan 44 günlük Vətən müharibəsindən yalnız qalib dövlət kimi deyil, həm də daha böyük hədəflərə çatmağa qadir güclü dövlət kimi çıxıb. Ölkəmizin yaratdığı yeni reallıqlar Cənubi Qafqazda təhlükəsizlik və sabitlik mühitinin formalaşmasına təsir göstərir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, nəqliyyat bağlantılarının inkişafı, bərpa olunan enerji və logistika imkanlarının genişləndirilməsi həmin ərazilərin gələcəkdə mühüm iqtisadi əməkdaşlıq məkanına çevrilməsi üçün zəmin yaradır.

27 Sentyabr – Anım Günü Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsinə göstərilən ehtiramın ifadəsidir. Azərbaycan xalqı öz şəhidlərinin qəhrəmanlığı ilə fəxr edir, onların əziz xatirəsini daim uca tutur.

Bir daha Vətən uğrunda, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, müqəddəs ruhları qarşısında baş əyir, Uca Tanrıdan onlara rəhmət diləyirəm. Vətən naminə hərbi əməliyyatlar zamanı sağlamlıqlarını itirmiş qazilərimizə isə şəfa diləyirəm”.