Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair sənəd imzalanıb – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Vatikana səfər edib.

Yenigun.Media xəbər verir ki,  səfər çərçivəsində Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Arxivi arasında 10 sentyabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun davamı olaraq, Vatikan Apostol Arxivində rəqəmsal konservasiya üsullarının öyrənilməsi və tətbiqinə dair yeni razılaşma sənədi imzalanıb.

Sənədi Heydər Əliyev Fondu adından Anar Ələkbərov, Vatikan Apostol Arxivi adından isə arxivin prefekti Rokko Ronzani imzalayıblar.

Qeyd edək ki, tarixi və mədəni irsin qorunması və təbliği istiqamətində mühüm fəaliyyət həyata keçirən Vatikan Apostol Arxivi 650-dən çox arxiv kolleksiyasını, ümumilikdə 85 xətti kilometr uzunluğunda arxiv materiallarını özündə birləşdirir. Bu zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Arxiv məlumatların ehtiyat nüsxələrinin saxlanılması üçün nəzərdə tutulan infrastrukturun yenilənməsi və gücləndirilməsi istiqamətində iş aparır. İmzalanmış razılaşma bu istiqamətdə əməkdaşlığa, rəqəmsal konservasiya üsullarının öyrənilməsi və tətbiqində birgə fəaliyyəti ehtiva edir və regionumuzun, xüsusilə də Azərbaycanın tarixi, mədəniyyəti və keçmişinə dair mühüm materialların araşdırılması, rəqəmsal mühafizəsi və gələcək nəsillərə çatdırılması baxımından yeni imkanlar yaradır. Bununla yanaşı, gənc Azərbaycan mütəxəssisləri üçün təlimlərin təşkili, tarixi materialların qorunması sahəsində təcrübə mübadiləsi, birgə elmi tədqiqatların aparılması, Arxiv tərəfindən təşkil olunan proqramlarda iştirak və bu istiqamətdə görülən işlərin davam etdirilməsi məsələləri də müzakirə olunub.

Proqram çərçivəsində Vatikan Apostol Arxivinin tarixi bölmələri və oxu zalları ilə tanışlıq olunub, həmçinin Vatikan Apostol Kitabxanasında Papa XIV Leonun cari ilin 14 sentyabr tarixində açılışını etdiyi “AQVA” sərgisinə baxış keçirilib.

Daha sonra Vatikan Apostol Kitabxanası və Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatsi ilə görüş keçirilib. Görüşdə gələcək layihələr və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Monsinyor Paqatsiyə 2027-ci ildə Vatikan Dövlət Qubernatorluğu, Müqəddəs Pavel kilsəsi və digər Vatikan qurumları ilə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə məlumat verilib.

Səfər çərçivəsində “Bambino Gesù” Pediatrik Xəstəxanasının prezidenti Tiziano Onestinin təşəbbüsü ilə görüş keçirilib. Geniş tərkibli görüşdə səhiyyə sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr, eləcə də Azərbaycanla əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüş zamanı Azərbaycanda nadir xəstəliklər üzrə tədqiqatların aparılması və bu sahədə birgə əməkdaşlığın davam etdirilməsi istiqamətində yeni razılaşmalar əldə olunub. Eyni zamanda, üçüncü ölkələrdə birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və keçirilmiş görüşlər Azərbaycan ilə Vatikan arasında mədəni irsin qorunması, elmi tədqiqatlar və səhiyyə sahələrində mövcud əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

***

13:20

Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalanıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, razılaşma çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlərin keçirilməsi, arxiv işi və tarixi sənədlərin tədqiqi, mühafizəsi və rəqəmsallaşdırılması sahələrində qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

“Eyni zamanda, azərbaycanlı gənc mütəxəssislərin Vatikanın mədəni irs və arxiv elmləri, kitab və əlyazmaların kataloqlaşdırılması üzrə proqramlarında iştirakı təşviq ediləcək”, – Anar Ələkbərov vurğulayıb.