Əsas məzmuna keç
02 Oktyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Müharibənin görünməyən silahı: Ədalət Verdiyev yeni döyüş sistemindən danışdı

YENİGÜN.MEDİAREKLAM728 × 90

Dünyada elm və texnologiya inkişaf etdikcə silahlı mübarizə metodları da dəyişir. Hazırda bir çox sahələr, o cümlədən aviasiya, hava hücumundan müdafiə, radioelektron mübarizə və pilotsuz uçuş aparatları müasir döyüşlərin əsas elementlərinə çevrilir.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev ADEX 2026 sərgisi ilə bağlı Yenigun.Media-ya açıqlamasında danışıb.

Əvvəllər artilleriya “müharibənin allahı” hesab olunurdu. Lakin artıq döyüşün taleyini yalnız artilleriya həll etmir. Bu gün bir çox ölkələr artilleriyadan minimum istifadə etməklə hərbi əməliyyatlar apara bilirlər.

Müasir müharibələrdə önə çıxan əsas məsələlərdən biri uzaqmənzilli zərbələr və kamikadze tipli dronlardan istifadə etməklə düşmənin hava hücumundan müdafiə sistemlərini yüksək dərəcədə yükləməkdir. Bununla da hava hücumundan müdafiədə boşluqların aşkarlanması və düşmənin mühüm obyektlərinə daha effektiv zərbələrin endirilməsi mümkün olur.

Bununla belə, hava hücumundan müdafiə əvvəlki kimi bu gün də bir çox münaqişələrdə prioritet rol oynayır. Hava hücumundan müdafiə sistemi çoxeşelonlu şəkildə qurulmalı, hər bir sistem öz məsuliyyət zonasını əhatə etməli və mümkün qədər boşluq buraxılmamalıdır. Hava hücumundan müdafiənin əsas məqsədi düşmən hədəflərini vaxtında və effektiv şəkildə zərərsizləşdirməkdir.

Azərbaycan üçün əsas prioritetlərdən biri də xarici silah asılılığını minimuma endirməkdir. Davamlı olaraq silah alınması heç bir ölkə üçün uzunmüddətli baxımdan məqbul yanaşma deyil. Bir çox ölkələr müdafiə sənayesinin yaradılması barədə bu gün düşünməyə başlayıblar. Azərbaycan isə bunu təxminən 20 il əvvəl edib. Artıq ölkəmizin kifayət qədər çox sayda yerli məhsulu həm Silahlı Qüvvələrimizdə, həm də müttəfiq ölkələrin ordularında istismar olunur.

ADEX sərgisi ilk növbədə XXI əsrin qalib ölkəsi olan Azərbaycanın imkanlarını dünyaya nümayiş etdirmək üçün unikal platformadır. Digər tərəfdən, burada silah almaq istəyənlərlə silah və hərbi texnologiyalar təklif edən şirkətlər eyni platformada münasibətlər qurur, əlaqələr yaradır və müqavilələr imzalayırlar. Bununla da qlobal silah bazarının nəbzi Bakıda tutulur.

Digər mühüm məqam dünyanın aparıcı şirkətlərinin Bakıda bir araya gəlməsidir. Bu, həmin şirkətlərin Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan təşkilatlarla birbaşa əlaqələr qurmasına, təcrübə mübadiləsi aparmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır.

Bakıda keçirilən sərgidə diqqətimi çəkən məqamlardan biri də qoşunların idarə edilməsinin rəqəmsallaşdırılması oldu. Biz daha əvvəllər də bu barədə eşidir və oxuyurduq. Lakin bu dəfə sərgidə müxtəlif ölkələrdən gələn şəxsi heyətin Xocavənd rayonunda keçirdiyi birgə təlimlərin rəqəmsal şəkildə idarə olunması nümayiş etdirildi.

Ali Baş Komandan, müdafiə naziri və qoşun komandanı öz kabinetlərindən ərazidə baş verən təlimləri və ya döyüşləri onlayn şəkildə idarə edə bilirlər. Təbii ki, belə idarəetməni həyata keçirmək üçün ərazini müşahidə etmək, orada fəaliyyət göstərən qoşunlardan məlumatları ani şəkildə əldə etmək, qərar qəbul etmək və həmin qərarı aidiyyəti üzrə qoşun hissə və bölmələrinə ötürmək lazımdır.

Bu, böyük nailiyyətdir və Azərbaycan artıq bu analiz sistemini, rəqəmsal konfiqurasiyanı öz ordusunda tətbiq edə bilib.

Yenigun.Media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600