Əsas məzmuna keç
10 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Müşfiq Məmmədli: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu

YENİGÜN.MEDİAREKLAM728 × 90

3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycanın müstəqillik tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Xalqın böyük səs çoxluğu ilə Ümummilli Lider Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməsi ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı və ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcını qoydu.

Milli Məclisin deputatı Müşfiq Məmmədli Yenigun.Media-ya açıqlamasında bildirib ki, həmin dövrdə Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmış, dövlət müstəqilliyi və ərazi bütövlüyü ciddi təhdidlər altında olmuşdu.

Deputatın sözlərinə görə, belə mürəkkəb tarixi şəraitdə xalqın Heydər Əliyevə olan inamı və onun siyasi rəhbərliyə qayıdışı Azərbaycanın gələcək taleyində həlledici rol oynadı:

“Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı, ordu quruculuğu sürətləndirildi və hüquqi dövlət quruculuğunun möhkəm təməli yaradıldı.”

Müşfiq Məmmədli qeyd edib ki, Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə də geniş imkanlar yaratdı. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan milli neft strategiyası ölkənin iqtisadi inkişafında, beynəlxalq iqtisadi sistemə inteqrasiyasında və Azərbaycanın regional əhəmiyyətinin artmasında mühüm rol oynadı.

Deputat diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas hüquqi bazasını formalaşdırdı.

Müşfiq Məmmədlinin fikrincə, Heydər Əliyevin dövlətçilik siyasətinin əsasını müstəqillik, azərbaycançılıq, milli-mənəvi dəyərlər və xalqın milli maraqları təşkil edirdi.

“Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır” fikri Ulu Öndərin dövlətçilik fəlsəfəsinin mahiyyətini aydın şəkildə ifadə edir.

Deputat vurğulayıb ki, Ümummilli Liderin zəngin siyasi irsi Azərbaycanın sonrakı inkişafı üçün möhkəm təməl formalaşdırıb:

“Bu gün müstəqil, güclü və beynəlxalq aləmdə öz layiqli mövqeyini tutan Azərbaycanın uğurlarında Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının mühüm rolu vardır.”

Yenigun.Media xəbər verir ki, 3 oktyabr 1993-cü il prezident seçkiləri Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi baxımından ölkənin müasir tarixində mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600