Əsas məzmuna keç
06 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

“Dildə, fikirdə, işdə birlik”: Azərbaycan-Türkiyə birgə oxu proqramının açılış paneli Bakıda keçirilib – FOTO

YENİGÜN.MEDİAREKLAM728 × 90

İsmayıl Qaspıralının məşhur “Dildə, fikirdə, işdə birlik” ideyasından ilhamlanan Azərbaycan-Türkiyə birgə oxu proqramının açılış paneli Bakıda keçirilib.

Yenigun.Media xəbər verir ki, Türk dünyasında ədəbiyyatların qarşılıqlı şəkildə öyrənilməsi, oxunması və daha yaxından tanıdılması məqsədi daşıyan layihə 2025-ci ilin oktyabrında Azərbaycan Respublikasının Ankara şəhərindəki səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə fəaliyyətə başlayıb.

Açılış paneli Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik Kampusunda təşkil olunub. Tədbirdə diplomatiya, ədəbiyyat, təhsil və akademik ictimaiyyətin nümayəndələri, həmçinin layihədə iştirak edən şagird və tələbələr iştirak ediblər.

Layihə çərçivəsində Türkiyədən 90 məktəbli və 27 universitet tələbəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri — Cəlil Məmmədquluzadə, Bəxtiyar Vahabzadə, Anar Rzayev və Elçin Əfəndiyevin əsərlərini oxuyaraq əldə etdikləri fikir və nəticələri yazılı mətnlər şəklində hazırlayıblar.

Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən 4 müxtəlif oxu qrupundan 37 şagird Yunus Əmrə, Mövlana Cəlaləddin Rumi, Mehmet Akif Ərsoy, Əhməd Həmdi Tanpınar və Mustafa Kutlu kimi Türkiyə ədəbiyyatının tanınmış simalarının yaradıcılığını araşdırıb.

Tədbirin açılış nitqi Maarif Məktəblərinin Azərbaycan üzrə nümayəndəsi Tabip Gülbay tərəfindən səsləndirilib. Daha sonra Maarif Məktəblərinin şagirdlərindən ibarət xor kollektivi müəllimlərinin müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edib.

Əsas paneldə layihə iştirakçıları hazırladıqları ədəbi məruzə və təqdimatları təqdim ediblər. Panelin moderatoru Azərbaycan Xəzər Universitetinin magistr tələbəsi Gülçöhrə Abbasova olub.

Paneldə Türkiyənin müxtəlif şəhərlərindən layihəyə qoşulan şagird və tələbələr — Ankaradan Masal Özhekim və Fatih Əmrə Oğur, Kayseridən Sevda Orhan, Eskişehirdən isə Tülay Balıtatlı çıxış ediblər.

Təqdimatlardan sonra tədbir protokol çıxışları ilə davam edib. Anadolu Məktəbi Mütevelli Heyətinin üzvü Muhammed Hakan Tanrıöver, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, tanınmış yazıçı Elçin Əfəndiyevin qızı, deputat Günay Əfəndiyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Səlim Babullaoğlu, Azərbaycanın tanınmış şairi və yazıçısı Sabir Rüstəmxanlı, həmçinin Azərbaycan Respublikasının Ankara şəhərindəki səfirliyinin Mədəniyyət Mərkəzinin nümayəndəsi Dr. Şəhla İbişova tədbirdə çıxış ediblər.

Çıxışlarda Azərbaycan və Türkiyə arasında tarixi, mədəni və ədəbi əlaqələrin daha da möhkəmləndirilməsində bu kimi layihələrin mühüm rol oynadığı vurğulanıb.

Tədbirin yekun qiymətləndirmə çıxışını “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı və tərcüməçi İmdat Avşar edib.

Sonda layihənin iştirakçılarına və tədbirdə çıxış edən qonaqlara hədiyyələr və sertifikatlar təqdim olunub. Tədbir iştirakçıların birgə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Layihənin əsas məqsədi Azərbaycan və Türkiyə gənclərini ortaq ədəbi dəyərlər ətrafında bir araya gətirmək, iki qardaş ölkənin ədəbiyyatını qarşılıqlı şəkildə tanıtmaq və “dildə, fikirdə, işdə birlik” ideyasını yeni nəsillər arasında yaşatmaqdır.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600