İsmayıllının turizm imkanlarının tanıdılması məqsədilə bölgəyə təşkil olunan 2 günlük mediatur davam edir.
Yenigun.Media xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən səfərdə yerli media nümayəndələri iştirak edir. Mediatur çərçivəsində jurnalistlər İsmayıllının tarixi, mədəni irsi, sənətkarlıq ənənələri və yerli mətbəxi ilə yaxından tanış olublar.
Səfərin ünvanlarından biri qədim tarixi ilə seçilən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu olub.

Qoruğun direktoru Ceyhun İsmayılov media nümayəndələrinə Basqalın tarixi və burada qorunub saxlanılan maddi-mədəni irs nümunələri barədə məlumat verib. Bildirilib ki, yaşayış məntəqəsinin qədim küçələri, tarixi tikililəri, məscidləri, bulaqları və sənətkarlıq məhəllələri Basqalın özünəməxsus memarlıq simasını formalaşdırır.
Mediatur iştirakçıları Basqalın qədim sənət nümunələri ilə də tanış olublar. Halvaçı Cahid Əliyev tərəfindən səməni halvasının hazırlanması üzrə ustad dərsi keçirilib.

Usta halvanın hazırlanma prosesinin bir neçə mərhələdən ibarət olduğunu, xüsusilə səməninin cücərdilməsi və halvanın uzun müddət qarışdırılaraq bişirilməsinin böyük zəhmət tələb etdiyini bildirib.
Jurnalistlərə Basqalın ənənəvi sənət sahələrindən biri olan kəlağayıçılıq da nümayiş etdirilib. Kəlağayı ustası Ələsgər Xəlilov media nümayəndələrinə istehsal prosesini göstərərək bu sənətin xüsusiyyətləri barədə məlumat verib.

Səfər zamanı Basqal mətbəxinin özünəməxsus təamlarından biri olan pip dolması da diqqət mərkəzində olub. İştirakçılara yeməyin hazırlanması nümayiş etdirilib.
Qeyd olunub ki, pip dolmasını digər dolmalardan fərqləndirən əsas xüsusiyyət içliyin üzüm yarpağı əvəzinə vələs ağacının yarpağına bükülməsidir.

Mediaturun keçirilməsində məqsəd İsmayıllının turizm imkanlarının, tarixi-mədəni irsinin, qədim sənətkarlıq nümunələrinin və yerli mətbəxinin daha geniş auditoriyaya tanıdılmasıdır.


