Əsas məzmuna keç
25 Noyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Bu sənət Lahıcı sərhədlərdən kənarda məşhur etdi – VİDEO / FOTO

İsmayıllının qədim Lahıc qəsəbəsi yalnız daş küçələri və misgərlik sənəti ilə deyil, yüzillərdir qorunan tarixi quruluşu ilə də diqqət çəkir.

Yenigun.Media-nın bölgəyə təşkil olunan mediatur çərçivəsində apardığı çəkiliş zamanı Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyev qəsəbənin tarixi, qorunan abidələri və qədim sənətkarlıq ənənələri barədə məlumat verib.

Onun sözlərinə görə, 1980-ci ildən fəaliyyət göstərən qoruğun ərazisinə Lahıcın tarixən formalaşmış 80 hektarlıq hissəsi daxildir. Bu ərazidə 100-ə yaxın tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatındadır.

Qoruğun qoruduğu irs yalnız tarixi binalardan ibarət deyil. Lahıcın küçə və dalanlarının altında yüzillər əvvəl qurulduğu bildirilən xüsusi su-kanalizasiya sistemi – kürəbəndlər yerləşir.

Nəzər Əliyevin sözlərinə görə, bəzi hissələri təmir olunsa da, təxminən 700–800 il əvvəl yaradıldığı ehtimal edilən bu sistemin əsas hissəsi bu gün də işlək vəziyyətdədir.

Qəsəbədəki tarixi yaşayış evləri də Lahıcın keçmişi haqqında mühüm məlumat verir. Qoruq ərazisindəki bəzi evlərin 300–400 il əvvəl inşa edildiyi ehtimal olunur.

Lahıcın tarixində xüsusi yer tutan sahələrdən biri isə misgərlikdir.

Qoruq direktorunun sözlərinə görə, vaxtilə Lahıcda 40-a yaxın sənət növü mövcud olub. Bu gün həmin sənətlərin təxminən 9–10 növü yaşadılır. Onların arasında Lahıcın dünyada tanınmasına böyük töhfə verən misgərlik xüsusi yer tutur.

Maraqlı məqam ondan ibarətdir ki, Lahıcın özündə mis filizi yataqları olmayıb. Misgərlik üçün xammal müxtəlif uzaq ərazilərdən karvanlarla qəsəbəyə gətirilib. Zod və Alaverdi mədənləri, eləcə də indiki Kəlbəcər ərazisi bu mənbələr arasında göstərilir.

Lahıca gətirilən filiz burada təmizlənərək emal edilir, daha sonra müxtəlif mis məmulatlarının hazırlanmasında istifadə olunurdu.

Tarixi mənbələrə və qoruq məlumatlarına görə, Lahıc misgərlərinin məhsulları yalnız Azərbaycan daxilində deyil, Dağıstan, Gürcüstan, Türkiyə, İran, Türkmənistan, Özbəkistan və İraqın Bağdad şəhərinə qədər geniş coğrafiyada tanınıb.

Bu gün isə Lahıcın qədim küçələri, tarixi evləri, məscidləri, sənətkarlıq emalatxanaları və əsrlərdir qorunan ənənələri qəsəbəni Azərbaycanın mühüm turizm və mədəni irs məkanlarından birinə çevirir.
Yenigun.Media olaraq Lahıcın qədim küçələrindən və sənətkar emalatxanalarından hazırladığımız görüntüləri təqdim edəcəyik.