Əsas məzmuna keç
09 Oktyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Yazgül Abdiyeva:Göz sağlamlığının qorunması və görmənin bərpası prioritet istiqamətlərdəndir

YENİGÜN.MEDİAREKLAM728 × 90

Hər il oktyabr ayının ikinci cümə axşamı Ümumdünya Görmə Günü qeyd olunur. Bu əlamətdar günün əsas məqsədi görmə pozuntuları və gözdən əlilliklə bağlı ictimai məlumatlılığı artırmaq, göz sağlamlığının qorunmasının əhəmiyyətini vurğulamaq və əhalini vaxtında tibbi müayinədən keçməyə təşviq etməkdir.

Görmə sağlamlığının qorunması, göz xəstəliklərinin erkən aşkarlanması və profilaktikası oftalmologiya sahəsinin əsas istiqamətlərindəndir. Azərbaycanda bu sahədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi mühüm fəaliyyət göstərir. Mərkəz və onun Masallı, Gəncə və Şəki regional filialları müasir tibbi avadanlıqlar, peşəkar mütəxəssislər və qabaqcıl diaqnostika imkanları vasitəsilə əhaliyə ixtisaslaşmış oftalmoloji xidmətlər göstərir.

Müasir texnologiyaların tətbiqi görmə orqanının anatomik və funksional xüsusiyyətlərinin daha dəqiq qiymətləndirilməsinə, göz xəstəliklərinin vaxtında aşkarlanmasına və müalicə nəticələrinin yaxşılaşdırılmasına imkan verir. Bu imkanlar, eyni zamanda, gözün müxtəlif strukturlarında aparılan cərrahi müdaxilələrin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Görmənin bərpası istiqamətində mühüm əhəmiyyət daşıyan sahələrdən biri də buynuz qişanın transplantasiyasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində uzun müddətdir bu istiqamətdə əməliyyatlar həyata keçirilir və minlərlə pasiyentə buynuz qişa transplantasiyası üzrə tibbi yardım göstərilib.

Mərkəzdə Göz Bankının yaradılması isə bu sahənin inkişafında mühüm addımlardan biri kimi qiymətləndirilir. Göz Bankı donor toxumalarının toplanması, saxlanılması və transplantasiyaya təhlükəsiz hazırlanması proseslərinin müasir standartlara uyğun təşkilinə şərait yaradır. Bu sistem buynuz qişanın transplantasiyası üzrə xidmətlərin təkmilləşdirilməsinə, görmənin bərpası imkanlarının genişləndirilməsinə və ictimai maarifləndirmənin gücləndirilməsinə töhfə verir.

Əhalinin ixtisaslaşmış oftalmoloji xidmətlərə əlçatanlığının artırılması baxımından Mərkəzin səyyar klinikalarının fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. 2005-ci ildən avtomobil, 2018-ci ildən isə dəmiryolu səyyar klinikası vasitəsilə ölkənin müxtəlif bölgələrində əhaliyə oftalmoloji xidmətlər göstərilir.

Müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz edilmiş bu klinikalar ucqar rayon və kəndlərə səfərlər edərək əhalinin müayinəsini, müalicəsini və zəruri hallarda cərrahi müdaxilələrin həyata keçirilməsini təmin edir. Bununla yanaşı, Bakı şəhərində müxtəlif müəssisələrdə, məktəblərdə və uşaq bağçalarında da mütəmadi müayinələr təşkil olunur.

Səyyar klinikaların fəaliyyəti işğaldan azad edilmiş əraziləri də əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində 2024-cü ildən etibarən Füzuli, Zəngilan, Laçın, Xankəndi, Cəbrayıl, Ağdərə və digər ərazilərdə oftalmoloji müayinələr və tibbi aksiyalar təşkil olunur. Bu fəaliyyət həmin ərazilərdə yaşayan və məskunlaşan əhalinin ixtisaslaşmış tibbi xidmətlərə çıxışının genişləndirilməsinə xidmət edir.

Milli Oftalmologiya Mərkəzinin fəaliyyətində beynəlxalq əməkdaşlıq və elmi təcrübə mübadiləsi də mühüm yer tutur. Mərkəzin əməkdaşları dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq oftalmoloji simpozium və konfranslarda iştirak edərək müasir müayinə, müalicə və cərrahiyyə metodları ilə tanış olur, əldə etdikləri bilik və təcrübəni Azərbaycanda oftalmoloji xidmətlərin inkişafına yönəldirlər.

Ümumdünya Görmə Günü bir daha xatırladır ki, göz sağlamlığının qorunması üçün müntəzəm müayinələrdən keçmək, görmədə yaranan dəyişikliklərə vaxtında diqqət yetirmək və mütəxəssis məsləhətinə müraciət etmək vacibdir. Erkən diaqnostika bir sıra göz xəstəliklərinin vaxtında aşkarlanmasına, müalicənin effektivliyinin artırılmasına və görmə itkisinin qarşısının alınmasına kömək edə bilər.

Yazgül Abdıyeva
Həkim-oftalmoloq, tibb elmləri doktoru, dosent

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600