Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Füzuli: Zəfərdən quruculuğa uzanan yeni inkişaf yolu

Füzulinin işğaldan azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Böyük Zəfərin mühüm səhifələrindən biridir. 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azad edilməsi ilə başlayan yeni mərhələ bu qədim şəhərin tarixində yalnız hərbi qələbə kimi deyil, həm də genişmiqyaslı quruculuq və dirçəliş dövrünün başlanğıcı kimi yadda qaldı. Bu gün Füzulidə aparılan işlər azad edilmiş ərazilərin gələcək inkişafının, insanların öz doğma yurdlarına qayıdışının və müasir yaşayış mühitinin yaradılmasının aydın nümunəsidir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun şəxsi heyəti böyük qəhrəmanlıq və şücaət göstərib. Döyüşlərdə iştirak edən hərbi qulluqçuların xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. “Füzulinin azad olunmasına görə” medalı 26 noyabr 2020-ci il tarixində təsis edilib və Prezident İlham Əliyevin sərəncamları ilə 25 325 hərbi qulluqçu bu medalla təltif olunub. Bu təltiflər Füzulinin azad edilməsində iştirak edən hərbçilərin fədakarlığının dövlət səviyyəsində verilən yüksək qiymətidir.

Füzulinin azadlığından sonra qarşıya qoyulan əsas məqsədlərdən biri şəhərin və rayonun müasir tələblər əsasında yenidən qurulması, burada dayanıqlı həyat şəraitinin formalaşdırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə görülən işlər kompleks xarakter daşıyır. Şəhərin Baş planı hazırlanıb, yaşayış məhəllələri salınır, yol-nəqliyyat infrastrukturu yenilənir, sosial obyektlər, təhsil və digər xidmət müəssisələri yaradılır. Füzulinin yeni inkişaf mərhələsinin əsas xüsusiyyətlərindən biri şəhərin nəqliyyat imkanlarının genişləndirilməsidir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, şəhəri digər ərazilərlə birləşdirən avtomobil yollarının çəkilməsi və yol infrastrukturunun müasir standartlara uyğun qurulması Füzulinin gələcəkdə regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Eyni zamanda elektrik enerjisi, içməli su, kanalizasiya və digər kommunal sistemlərin qurulması şəhərdə rahat və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
Füzulidə quruculuq prosesi sosial infrastrukturun yaradılması ilə də müşayiət olunur. Yeni məktəblərin, uşaq bağçalarının, səhiyyə və digər sosial obyektlərin inşası şəhərin yalnız fiziki görünüşünü deyil, burada həyatın bütün istiqamətlərini yenidən formalaşdırır. Müasir yaşayış kompleksləri, abadlaşdırılan küçələr və ictimai məkanlar Füzulinin gələcək simasının əsasını təşkil edir.
Prezident İlham Əliyevin Füzuliyə mütəmadi səfərləri şəhərdə həyata keçirilən quruculuq işlərinin daim diqqət mərkəzində olduğunu göstərir. Dövlət başçısının səfərləri zamanı yeni layihələrin təməli qoyulub, mühüm infrastruktur obyektlərinin açılışı keçirilib, tikinti və yenidənqurma işlərinin gedişi ilə tanışlıq olub. Bu səfərlər Füzulinin inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirilməsinə və qarşıya qoyulan məqsədlərin mərhələli şəkildə reallaşdırılmasına mühüm təkan verir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri çərçivəsində şəhərin Baş planı, yollar, yaşayış məhəllələri, məktəblər, idman və digər sosial obyektlərlə bağlı layihələrə xüsusi diqqət yetirilib. Dövlət başçısının iştirakı ilə müxtəlif ölkələrin liderlərinin Füzuliyə səfərləri isə şəhərin yenidən qurulmasının beynəlxalq səviyyədə diqqət çəkən prosesə çevrildiyini nümayiş etdirir. Özbəkistan tərəfindən Füzulidə inşa edilən məktəb və Qazaxıstanın töhfəsi ilə yaradılan Uşaq Yaradıcılıq Mərkəzi dost və qardaş ölkələrin Azərbaycanın bərpa prosesinə verdiyi dəstəyin rəmzlərindəndir.
Füzulidə görülən işlərin əsas məqsədi yalnız dağıdılmış ərazilərin bərpası deyil. Burada müasir, rahat və təhlükəsiz şəhər mühiti yaradılır, insanların doğma torpaqlarına qayıdışı üçün bütün zəruri şərait formalaşdırılır. Quruculuq prosesi keçmişlə gələcəyi birləşdirir: tarixi yaddaş qorunur, şəhərin yeni siması yaradılır və Füzuli gələcək nəsillər üçün müasir inkişaf məkanı kimi formalaşır. Bu baxımdan 17 Oktyabr – Füzuli şəhəri günü yalnız azadlığın qeyd edildiyi tarix deyil, həm də Zəfərdən quruculuğa, dağıntılardan dirçəlişə uzanan böyük yolun ifadəsidir. Bu gün Füzuli Azərbaycanın bərpa və yenidənqurma siyasətinin, Böyük Qayıdışın və gələcəyə inamın simvollarından biri kimi inkişaf edir.
Samirə Hüseynova